Ər-Riyad Tel-Əvivin münasibətlərin normallaşdırılması təklifini rədd edib
İsrail təyyarələrinin Səudiyyə Ərəbistanına enişinə icazə verilməyib
Səudiyyə Ərəbistanı İsrailli sərnişinləri daşıyan təyyarənin Təbuka təcili enişinə icazə versə də, sərnişinlərin İsrailə qaytarılması üçün İsrail hərbi və mülki təyyarələrinin ölkəyə daxil olması barədə Tel-Əvivin müraciətini rədd edib. Yediot Aharonotun məlumatına görə, bu qərar Ər-Riyadın İsraillə münasibətlərin normallaşdırılması məsələsində ehtiyatlı mövqeyini qoruduğunu göstərir.
Səudiyyə Ərəbistanının İsrailli 180-ə yaxın sərnişini daşıyan təyyarənin təcili enişinə icazə verməsi, lakin Tel-Əvivin hərbi və mülki nəqliyyat təyyarələrinin Təbuka göndərilməsi ilə bağlı müraciətini rədd etməsi Ər-Riyadın İsrail rejimi ilə münasibətləri normallaşdırmaqdan hələ də çəkindiyini göstərir.
İRNA -nın cümə axşamı verdiyi məlumata görə, İsrailin Yediot Aharonot qəzeti yazıb ki, “Flydubai” aviaşirkətinə məxsus təyyarənin Təbuk Beynəlxalq Hava Limanına təcili eniş etməsindən sonra İsrail rəsmiləri Səudiyyə Ərəbistanından İsrail rejiminin Hərbi Hava Qüvvələrinə məxsus C-130J hərbi-nəqliyyat təyyarələrinin İsrailli sərnişinləri daşımaq üçün Səudiyyə Ərəbistanına daxil olmasına icazə verməsini istəyiblər. Lakin Ər-Riyad bu müraciəti rədd edib.
Məlumata görə, Səudiyyə Ərəbistanı təyyarənin təcili enişinə icazə verib, xəsarət alan pilotları müalicə üçün xəstəxanaya çatdırıb, sərnişinlərə isə tibbi yardım və iaşə xidmətləri göstərib. Səudiyyə qüvvələri də təyyarənin müşayiət olunmasında və qarşılanmasında iştirak ediblər.
Bununla belə, Səudiyyə rəsmiləri İsrail rejiminə məxsus hərbi təyyarələrin ölkə ərazisinə enişinə icazə verməyiblər. Yediot Aharonot qəzetinin yazdığına görə, belə bir addım İsraillə münasibətlərin normallaşdırılması istiqamətində açıq irəliləyiş kimi qiymətləndirilə və Ər-Riyad üçün siyasi nəticələr doğura bilərdi.
Qəzetin məlumatına görə, hadisə zamanı “Mossad” Səudiyyə rəsmiləri ilə daim əlaqə saxlayıb və onları İsrailə məxsus olduğunu göstərən nişanları olmayan mülki təyyarənin Təbuka enişinə icazə verməyə razı salmağa çalışıb. Lakin sonda sərnişinlər “Flydubai”nin əvəzedici reysi ilə Səudiyyə Ərəbistanını tərk ediblər.
Yediot Aharonot qəzeti həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı son illərdə “Flydubai” təyyarələrinin işğal olunmuş ərazilərə və geriyə uçuşlar zamanı öz hava məkanından istifadəsinə icazə verib. Ər-Riyad son hadisədə də İsrailli sərnişinləri daşıyan təyyarənin təcili enişinə icazə verməklə əhəmiyyətli əməkdaşlıq nümayiş etdirib.
Haaretz qəzeti də bu məsələ ilə bağlı dərc etdiyi məqalədə İsrailli sərnişinləri daşıyan təyyarənin Səudiyyə Ərəbistanına enişinin İsraillə regional əməkdaşlığın səviyyəsi barədə fərqli təsəvvür yarada biləcəyini yazıb. Təhlükəsizlik mənbələrinə yaxınlığı ilə tanınan İsrailin “Walla” xəbər saytı isə Səudiyyə Ərəbistanının “Flydubai” reysi ilə bağlı araşdırma prosesindən İsraili kənarlaşdırdığını və Tel-Əvivin ilkin araşdırma zamanı Ər-Riyaddan birbaşa məlumat əldə edə bilmədiyini bildirib.
Saytın məlumatına görə, İsrail tərəfi məlumatların böyük hissəsini Birləşmiş Ərəb Əmirliklərindən, sərnişinlərdən və ABŞ-dən əldə edib