Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra mövqeyimiz dəyişdi
https://parstoday.ir/azeri/news/world-i14280-paşinyanın_qarabağı_azərbaycan_ərazisi_kimi_tanımasından_sonra_mövqeyimiz_dəyişdi
Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Moskvanın mövqeyinə sonuncu dəfə münasibət bildirmək istədiyini, bundan sonra isə bu mövzuya qayıtmayacağını deyib.
(last modified 2026-09-03T09:29:07+00:00 )
Sen 03, 2026 13:19 Asia/Baku
  • Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra mövqeyimiz dəyişdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Moskvanın mövqeyinə sonuncu dəfə münasibət bildirmək istədiyini, bundan sonra isə bu mövzuya qayıtmayacağını deyib.

 

“Mən yaxın keçmişi yenidən qurdalamaq istəmirəm. Biz razılaşmışıq ki, bunu etməməyə çalışacağıq, amma siz məni məcbur edirsiniz. Problem deyil, bu barədə danışaq və daha danışmayaq”, - Putin deyib.

 

Onun sözlərinə görə, Qarabağla bağlı vəziyyətdə dönüş nöqtəsi Ermənistanın Baş naziri Nikol Paşinyanın Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması olub.

 

“Bundan sonra bizim bu məsələdə mövqeyimiz çox ikimənalı vəziyyətə düşdü. Biz Azərbaycanın daxili işlərinə qarışa bilərdikmi və ya qarışmalı idikmi?” - Rusiya Prezidenti bildirib.

 

Putin əlavə edib ki, Qərb ölkələri də Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirirdilər.

 

Rusiya Prezidentinin sözlərinə görə, Qərb nümayəndələri ona Qarabağda yaşayan ermənilərin hüquq və maraqlarının təmin ediləcəyini deyiblər:

 

“Mən isə deyirdim ki, heç nəyi təmin edə bilməyəcəksiniz, insanlar sadəcə gedəcəklər. Baxmayaraq ki, Prezident Əliyev bu insanlara pis bir şey etməyəcəkdi. O, müasir, ziyalı insandır, onların maraqlarını təmin etməyə yüz faiz çalışacaqdı. Amma onlar yenə də qalmayacaqdılar. Belə də oldu”.

 

Putin Qarabağda baş verənlərə görə məsuliyyətin Rusiyanın üzərinə qoyulmasını qəbul etmədiyini bildirib.

 

“Mən burada heç kimi ittiham etmək istəmirəm. Amma hadisələrin məntiqi belə idi”, - o deyib.

 

Rusiya Prezidenti hesab edir ki, Ermənistan rəhbərliyinin Qarabağla bağlı qərarının müsbət tərəfləri də ola bilər. Onun fikrincə, bundan sonra “səhifəni çevirib” münaqişəsiz münasibətlərə keçmək, köçən insanların yeni yaşayış yerlərində yerləşdirilməsi, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin və investisiyaların genişləndirilməsi mümkündür.

 

“Əslində, müsbət tərəflər də az deyil”, – Putin əlavə edib.