.Qərar Avropa Parlamenti tərəfindən təsdiqlənərsə
Avropa İttifaqı Ermənistanla ticarəti müvəqqəti liberallaşdırır
Avropa İttifaqı Şurası Ermənistanla ticarətin müvəqqəti liberallaşdırılmasını nəzərdə tutan tədbirləri dəstəkləyib. Qərar Avropa Parlamenti tərəfindən təsdiqlənərsə, Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların təxminən 80 faizi iki il müddətinə gömrük rüsumlarından azad ediləcək. Aİ bu addımı Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin iqtisadi təsirlərini azaltmaq və İrəvanla ticarət əlaqələrini genişləndirmək məqsədi daşıyır.
Avropa İttifaqı Şurası Ermənistanla ticarətin müvəqqəti liberallaşdırılmasını nəzərdə tutan tədbirləri dəstəkləyib. Qərar qüvvəyə minərsə, Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların təxminən 80 faizi iki il müddətinə idxal rüsumlarından azad ediləcək.
Təklifi sentyabrda Avropa Parlamentinin təsdiqləyəcəyi gözlənilir.
Yeni rejim çərçivəsində Ermənistanın Aİ-yə ixrac etdiyi təzə tərəvəz, meyvə və bitki məhsullarının 99 faizinə, içki və spirtli içkilərin isə 91 faizinə gömrük rüsumu tətbiq edilməyəcək. Bu məhsulların əhəmiyyətli hissəsi daha əvvəl Rusiya bazarına göndərilirdi.
Aİ Şurası bildirib ki, qərarın məqsədi Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin yaratdığı iqtisadi təsirləri azaltmaq və Yerevanla ticarət əlaqələrini genişləndirməkdir. Bununla yanaşı, Ermənistan məhsullarının idxalı Avropa istehsalçılarına mənfi təsir göstərərsə, Aİ qoruyucu tədbirlər tətbiq edə biləcək.
İrlandiyanın xarici işlər və ticarət naziri Helen Makenti qərarı Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına dəstək kimi qiymətləndirib.
“İqtisadi məcburiyyətlə üzləşildikdə Aİ buna cavab verəcək. Biz yeni imkanlar yaradacaq və tərəfdaşlarımızı dəstəkləyəcəyik”, - nazir bildirib.
Rusiya bundan əvvəl Ermənistanın süd məhsulları, tərəvəz, meyvə, gül, spirtli içki, su və balıq məhsullarına müxtəlif məhdudiyyətlər tətbiq edib. Bu addımlar Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin Aİ ilə yaxınlaşmaq planları barədə açıqlamaları fonunda atılıb.
Sentyabrın 1-də Bişkekdə Paşinyanla görüşən Rusiya Prezidenti Vladimir Putin Ermənistanı Aİ-yə üzvlüklə bağlı mövqeyini mümkün qədər tez müəyyənləşdirməyə çağırıb.
Paşinyan isə bunun üçün uyğun zamanın hələ yetişmədiyini deyib.
Paşinyan daha əvvəl bildirib ki, Aİ-yə üzvlüklə bağlı referendum rəsmi müraciət və yol xəritəsi hazırlandıqdan sonra keçirilə bilər.