Paşinyan:
Azərbaycanla müharibələrdə təxminən 1000 ermənistanlı itkin düşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 1990-cı illərdən Azərbaycanla müharibələr nəticəsində Ermənistan tərəfindən təxminən 1000 nəfər itkin düşmüş hesab olunur. O, itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Bakı ilə əməkdaşlığın vacib olduğunu vurğulayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla müharibələr nəticəsində 1990-cı illərdən bəri təxminən 1000 Ermənistan vətəndaşı itkin düşmüş sayılır. Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkin düşən şəxslərin taleyini müəyyənləşdirməyin yolu iki ölkənin əməkdaşlığından keçir.
“Armenpress”in məlumatına görə, Paşinyan bu barədə oktyabrın 8-də jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.
“Biz başa düşməliyik ki, Azərbaycanın da itkin düşmüş şəxsləri var, bizim də. Bu məsələni əməkdaşlıq yolu ilə, itkin düşənlərin harada olduqlarını və talelərini müəyyənləşdirməyə çalışaraq həll etmək mümkündür. Biz belə əməkdaşlığa hazırıq və bunu əvvəllər də bəyan etmişik”, - Paşinyan bildirib.
Baş nazir eyni zamanda Azərbaycanda bu məsələdən siyasi məqsədlərlə istifadə olunduğunu iddia edib:
“Başqa məsələ odur ki, Azərbaycanda bu mövzudan siyasi məqsədlər üçün, o cümlədən düşmənçilik ritorikası yaratmaq üçün istifadə edən dairələr var”.
Paşinyanın sözlərinə görə, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması Ermənistan hökumətinin diqqət mərkəzindədir. Lakin aparılan işlərin bütün detalları ictimaiyyətə açıqlana bilmir.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkənin müvafiq komissiyaları arasında əməkdaşlığın fəallaşdırılması məsələsini müzakirə etdiyini də bildirib.
Baş nazir vurğulayıb ki, Ermənistan bu məsələyə siyasi deyil, humanitar problem kimi yanaşılmasının tərəfdarıdır.
Paşinyan sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında da Azərbaycan və Ermənistan arasında münaqişə nəticəsində itkin düşmüş minlərlə insanın taleyinin aydınlaşdırılmasına ehtiyac olduğunu bildirmişdi. O, bu istiqamətdə Bakı ilə əməkdaşlığa dair razılıq əldə edildiyini açıqlamışdı.