Ənsarullah: ABŞ-a məxsus hərbi gəmini hədəfə aldıq
Yəmən Ənsarullah Hərəkatı Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ hərbi gəmisini vurduqlarını və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdiklərini açıqlayıb.
Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Səri verdiyi açıqlamada həm Qəzzaya dəstək, həm də ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab olaraq Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ döyüş gəmiləri ilə toqquşmalara girdiklərini bildirib.
Bölgədə ABŞ döyüş gəmiləri ilə qarşıdurmaların 2 saatdan çox davam etdiyini bildirən Səri deyib:
"ABŞ döyüş gəmilərindən birini vurduq və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdik".
ABŞ gəmilərinin ballistik raketlərlə hədəf alındığına diqqət çəkən Seri, ABŞ döyüş gəmilərinin müqavimət göstərmək cəhdlərinə baxmayaraq, raketlərin bir hissəsinin hədəflərinə çatdığını qeyd edib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Yəmənin Ənsarullah hərəkatının Qırmızı dəniz sularında Amerika bayrağı daşıyan ticarət gəmisini hədəf aldığını iddia etmişdi.