Kanada separatçıları dəstəklədi; Bakıdan cavab
(last modified Mon, 23 Sep 2024 13:35:28 GMT )
Sen 23, 2024 17:35 Asia/Baku
  • Kanada separatçıları dəstəklədi; Bakıdan cavab

Kanadanın xarici işlər naziri Melani Coli dünən Azərbaycanın Qarabağ separatçılarına qarşı hərbi əməliyyatının ildönümü ilə bağlı çıxışında ermənilərin Qarabağa qayıtması, həbs olunan separatçıların azadlığa buraxılmasına çağırıb. Rəsmi Bakı bu bəyanata sərt cavab verib.

 

Melani Coli Kanadanın mülki erməni vətəndaşlarının təhlükəsiz qayıtmasına, insan hüquqlarının qorunmasına və Dağlıq Qarabağda erməni mədəni və tarixi obyektlərinin qorunub saxlanmasına dəstəyini vurğulayıb. O, həmçinin Kanadanın hərbi əsirlərin, həmçinin həbs edilmiş etnik ermənilərin azad edilməsi ilə bağlı dəfələrlə çağırışlar etdiyini vurğulayıb.

Kanada XİN başçısı Azərbaycanın ötən ilki anti-terror əməliyyatında 100 mindən çox dinc sakinin, o cümlədən 30 min uşağın qaçqın düşdüyünü deyib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada XİN başçısının bu bəyanatını pisləyib.

 “Kanada xarici işlər nazirinin Qarabağ regionu ilə bağlı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, separatizmi dəstəkləyən bəyanatları Kanadanın xarici siyasətinin nə qədər “parlaq” və “uzaqgörən” olduğunu nümayiş etdirir”, - Hacızadə bildirib.

Hacızadənin sözlərinə görə, regionda humanitar böhranın olması ilə bağlı iddialar Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyini əks etdirir.