Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei
“İctimai həmrəyliyin zərərinə olan hər hansı hərəkətin həyata keçirilməsi qadağandır
Ali Rəhbəri Hökumət Həftəsi münasibətilə yayımladığı mesajında hökumətin, xüsusilə də səmimi və xalqına qayğı göstərən Prezidentin bütün məhdudiyyətlərə, ABŞ–sionist düşmənin müxtəlif fitnə və planlarına, sanksiyaların və mühasirələrin sərtləşdirilməsinə baxmayaraq həyata keçirdiyi layiqli tədbirlərə görə təşəkkürünü bildirib.
Ali Rəhbərin Hökumət Həftəsi münasibətilə mesajının tam mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Hər il sentyabr ayının ilk həftəsi İran İslam Respublikası hökumətinin xidmətlərinə diqqət yetirmək üçün bir fürsətdir. Bu il İran İslam Respublikası hökuməti üçün Hökumət Həftəsinin mübarək və bərəkətli Rəbiül-əvvəl ayında dünyaya gəlmiş iki əziz və mübarək övladın – Allahın salavat və salamı onların və ailələrinin üzərinə olsun – mövludu ilə eyni vaxta təsadüf etməsi bir fəxrdir.
Bu münasibətdən istifadə edərək bütün fəal dövlət qulluqçularını və dövlət qurumlarının rəhbərlərini, xüsusilə də XIV hökumətin səmimi və xalqına qayğı göstərən Prezidentini təbrik edir, onlara “Allah sizə güc versin” deyirəm.
Xüsusilə də ABŞ–sionist düşmənin müxtəlif məhdudiyyətləri və fitnələri, sanksiyaların və mühasirələrin gücləndirilməsi şəraitində, üçüncü məcburi müharibə dövründə və ondan sonra xalqın ehtiyac duyduğu malların və müxtəlif xidmətlərin təmin edilməsi, mühüm zərər görmüş məntəqələrin bərpası və enerji sahəsinin idarə olunması istiqamətində həyata keçirdikləri layiqli tədbirlər nəzərəçarpandır.
Həmçinin şəhid prezidentlər Rəcai və Rəisinin, şəhid Baş nazir Bahünərin, müxtəlif dövrlərdə hökumətdə fəaliyyət göstərmiş şəhid əməkdaşların, rəhbərlərin və nazirlərin xatirəsini, hər şeydən əvvəl isə təxminən iki prezidentlik dövrü ərzində prezident vəzifəsini icra etmiş böyük şəhid rəhbərin xatirəsini yad etmək, onların hamısı üçün uca məqamlar və ilahi mərhəmət diləmək yerinə düşər.
Xalqa və İslam Respublikasının məqsədlərinə xidmət etmək imkanı qorunmalı olan qiymətli bir nemətdir.
Hazırkı dövrdə “daha da güclü İran”a çatmağın qarşılaşdığı həssas və mürəkkəb şəraitdə bu məqsədə nail olmaq üçün gecə-gündüz davamlı səylər və fasiləsiz təşəbbüslərlə yanaşı, zəruri məsələlərdən biri də İranın və onun əziz xalqının güc və qüdrətinin izah edilməsi və təqdim olunmasıdır.
Zəiflik, çatışmazlıq və problemlərin təqdim edilməyə və önə çıxarılmağa ehtiyacı yoxdur; onların həlli üçün planlaşdırma və tədbir görülməlidir. Bəzən düşmənin mənəvi ruh yüksəkliyinə ehtiyac duyduğu bir vaxtda öz zəifliklərimizi səmimi şəkildə dilə gətirmək ona böyük kömək göstərə, hətta dostların və tərəfdarların narahat olmasına, çaşqınlıq və tərəddüdə düşməsinə səbəb ola bilər.
Bəli, bu cür səmimi açıqlamaların dinləyiciləri yalnız xalqımız və ölkəmizin qayğıkeş insanları olduqda problem müəyyən qədər azalır. Lakin Qurani-Kərimin “Rəbbinin nemətini isə danış” göstərişinə əsasən, güc, qüdrət və müsbət cəhətlər haqqında danışmaq və onları önə çıxarmaq zəruridir.
Son altı ay ərzində düşmənlə mübarizədə, müxtəlif cihad meydanlarında iştirakı, həmrəyliyi, birlik və əməkdaşlığı ilə öz həqiqi mahiyyətini nümayiş etdirən əziz İran xalqı İslam Respublikasında qüvvələrin və məsul dövlət qurumlarının xidmətlərinin bu müqəddəs sistemin arzuolunan səviyyəsinə və seçilmiş bu xalqın yüksək məqamına çatmaq istiqamətində olduğunu hiss etməyə layiqdir.
Şübhəsiz ki, aşağıda qeyd edilən məsələlər xidmətçi hökumətin proqramlarının əsasını təşkil edir və ya müəyyən formada onun məqsədləri sırasında yer alır. Bunların burada qeyd olunması yalnız xatırlatma məqsədi daşıyır.
Bu məsələlərdən biri inflyasiya, işsizlik, qiymətlərin və mal və xidmətlər bazarının idarə olunması kimi iqtisadi və məişət problemləri zəncirinə ciddi diqqət yetirilməsidir. Həmçinin iqtisadi artım, investisiyaların artırılması və onların faydalı və ehtiyac duyulan sahələrə yönəldilməsi, istehsalın canlandırılması, dolların iqtisadi sistemdə mühüm rolunun tədricən aradan qaldırılması və nəhayət, müqavimət iqtisadiyyatı siyasətlərinin bütünlüklə əsas istiqamətə çevrilməsi də xüsusi diqqət tələb edir.
Bu sahədə bütün problemlərin həlli üçün əsas açar daxili istehsala daha çox güvənməkdir. Əlbəttə, kifayət qədər ümumi və ixtisaslaşmış malların mövcudluğunun təmin edilməsi də qəti zərurətdir. Buna görə də daxili istehsalın kifayət etmədiyi hallarda idxaldan düzgün və ağıllı şəkildə istifadə edilməlidir.
Təbii ki, istehsalın təşviqi ilə yanaşı, idxalın və qiymətlərin idarə olunması ölkə iqtisadiyyatında özünü göstərən qaranlıq ləkələrin tədricən kiçilməsinə və nəhayət, tamamilə aradan qalxmasına gətirib çıxara bilər.
Bu prosesdə düşmənin müharibə zamanı və ondan sonrakı davranışının müəyyən təsiri olsa da, bu sahənin ayrı-ayrı komponentlərinin daha ağıllı idarə olunması, bəzi məsələlərdə xalqın, digər məsələlərdə isə mütəxəssislərin və texnologiya sahəsində çalışanların köməyindən istifadə edilməsi və yeni imkanların reallaşdırılması ölkəni inkişaf və abadlıq istiqamətinə aparacaq.
Bu xalqın and içmiş düşməni belə bir təsəvvür yaratmağa çalışır ki, abadlıq və tərəqqi yolu onun və əsassız tələblərinin ardınca getməkdən keçir. Halbuki onun keçmiş dövrlərdə, hətta İslam İnqilabından illər əvvəl bu ölkə və onun sərvətləri ilə rəftarına baxmaq bunun tam əksini göstərir.
Digər mühüm məsələlərdən biri də gənc elitanın irəli sürdüyü texnologiyalardan və innovasiyalardan istifadə edilməsidir. Bəzən müəyyən bir sahədə bu üstünlükdən vaxtında istifadə etmək, adi prosedurlardan və yayılmış vərdişlərdən imtina etmək ölkənin tərəqqi və inkişaf yolunda mühüm sıçrayışlara səbəb ola bilər.
Bu məsələ kənd təsərrüfatı və sənayedən tutmuş mədəniyyət və tərbiyəyə, kommunikasiya və sosial məsələlərə qədər güc istehsalının bütün sahələrində mümkündür.
Ölkənin digər əsas məsələlərindən biri də daim hökumətin, dövlət məmurlarının, bütün məsul şəxslərin və hakimiyyət strukturlarının diqqət mərkəzində olmalı olan birliyin qorunması və ictimai həmrəyliyə nəzarət edilməsidir.
Mədəni, sosial, siyasi, təhlükəsizlik və iqtisadi sahələrin hər birində həyata keçirilən hər bir tədbir ictimai həmrəyliyə dair müvafiq əlavənin nəzərə alınması ilə həyata keçirilməlidir.
Bəzi tədbirlər zahirən ölkənin müəyyən təbəqələri arasında tərəfdarlara malik ola bilər. Lakin belə tədbirlər ictimai həmrəyliyi nəzərə alan mexanizmdən məhrumdursa və ya bu məqsədlə hazırlanmış mexanizm praktikada nəzərə alınmırsa, həmin təbəqələrə və digər insanlara zərər vura bilər.
Şübhəsiz ki, ümidsizlik yaradan, milli və ictimai motivasiyanı zəiflədən hər bir söz, eləcə də “müharibə, yoxsa danışıqlar”, “həmrəylik, yoxsa radikallıq”, “uzlaşma, yoxsa müharibəpərəstlik” kimi xəyali ikiləşdirmələrin hər hansı forması keçmişdə əziz xalqımıza birbaşa və ya dolayı şəkildə zərərlər vurduğu kimi, bundan sonra da eyni təsirləri yarada bilər.
Buna görə də mən qəti şəkildə bəyan edirəm:
İctimai həmrəyliyin zərərinə olan hər hansı hərəkətin həyata keçirilməsi qadağandır.
Digər mühüm məsələlərdən biri də mədəniyyət, təhsil və tərbiyə məsələsinə strateji səviyyədən də yüksək diqqətin göstərilməsidir.
“Strateji səviyyədən də yüksək” ifadəsi o deməkdir ki, digər strategiyalar hazırlanarkən bu məsələ mütləq nəzərə alınmalıdır.
Bu çərçivədə ilk növbədə müsbət və qurucu mədəniyyətin yayılmasının mənbəyi olan təbəqələrə – təhsil və universitetlərdə, eləcə də dini təhsil ocaqlarında çalışan müəllimlərə, həmçinin özlərini qeyri-özəl qurumlarda vəzifələrini yerinə yetirməyə həsr etmiş tibb bacılarına və həkimlərə xüsusi diqqət yetirilməlidir.
Eyni zamanda gələcəyin gözəl və arzuolunan mədəniyyətinin ən incə elementlərini bu ölkənin hər bir övladına ailə mühitində öyrədən evdar qadınların roluna diqqət göstərilməsi də xüsusi əhəmiyyət daşıyır.
Ümid edirəm ki, bu məsələlərin və hökumətin proqramlarında, şükürlər olsun ki, yer alan digər faydalı müddəaların həyata keçirilməsi əziz ölkəmizi “getdikcə daha güclü İrana” doğru aparacaq və bu yolda fəaliyyət göstərən insanları Mövlamız Həzrət Sahibəz-Zamanın (Allah-Təala onun zühurunu tezləşdirsin) xüsusi diqqətinə, xeyir-duasına, bərəkət və hidayətinə layiq edəcək.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh
Seyid Müctəba Hüseyni Xamenei