Fransada bıçaqlanan siyasi mühacir ölüb
Fransada siyasi mühacir kimi yaşayan və üç gün əvvəl evində naməlum şəxslər tərəfindən bıçaqlanan azərbaycanlı Vidadi İsgəndərlinin oktyabrın 1-də səhər saatlarında xəstəxanada həyatını itirdiyi bildirilir.
Meydan TV-nin Vidadi İsgəndərlinin yaxınlarına istinadən verdiyi məlumata görə, Vidadi İsgəndərliyə qarşı bıçaqla hücum sentyabrın 29-da səhər saat 7 radələrində Milüz (Mulhouse) şəhərində onun yaşadığı evdə baş verib.
Qardaşı Oqtay İsgəndərli bildirib ki, üç nəfər maskalı şəxs evə pəncərədən daxil olub, ikisi əllərini tutub, biri bıçaqla vurmağa başlayıb. Qarın nahiyəsinə, göz ətrafına, alın nahiyəsinə vurub. Maskada olublar deyə, üzlərini görə bilməyib. Deyir, danışmırdılar ki, səslərindən kimliklərini müəyyənləşdirmək mümkün olsun. Çoxlu zərbələr vurublar. Qəfildən özündə güc tapıb, qışqıranda səs-küydən qaçıblar.
Vidadi İsgəndərli həmin vaxt qardaşına zəng edərək, ondan kömək istəyib. O da təcili yardıma və polisə məlumat verib.
Vidadi İsgəndərli iki gün xəstəxananın reanimasiya şöbəsində saxlansa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər öncədən onun durumunun ağır olduğunu bildiriblər.
O, 2018-ci ildə Fransaya mühacirət etməmişdən əvvəl Azərbaycan insan hüquqlarının müdafiəsilə məşğul olurdu. “Demokratiyanın Müdafiəsinə Kömək” adlı təşkilatın rəhbəri olan Vidadi İsgəndərli Azərbaycanda olduğu müddətdə bir neçə dəfə həm uzunmüddətli, həm də qısamüddətli həbs olunmuşdu.
O. 2010-cu ildə parlament seçkiləri zamanı seçki prosesinə müdaxilədə ittiham olunaraq, həbs edilib və 3 il azadlıqdan məhrum olunub. Həmin dövrdə “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı onu “vicdan məhbusu” kimi tanımışdı.
Hüquq müdafiəçisi həmçinin bir neçə dəfə polisə müqavimət ittihamıyla inzibati həbsdə saxlanılıb.
Vidadi İsgəndərli sosial şəbəkələrdə, “Youtube” kanallarında Azərbaycandakı hökumət təmsilçiləri, o cümlədən Prezident və ailə üzvləri haqqında kəskin, bəzən təhqir xarakterli ifadələr səsləndirirdi.
Eyni zamanda, Vidadi İsgəndərli Fransaya mühacirət edəndən sonra onun Azərbaycanda valideynlərinin məzarının təhqir olunduğunu əks etdirən videogörüntülər yayılmışdı.