İranın BRİKS toplantısında rəsmi iştirakı niyə əhəmiyyətlidir? - TƏHLİL
İranın BRİKS toplantısında rəsmi iştirakı niyə əhəmiyyətlidir? - TƏHLİL
İran İslam Respublikasının prezidenti bəyan edib ki, BRİKS həm güclənmək, həm də ABŞ-ın dünya nizamındakı hegemoniyasına son qoymaq üçün əlverişli yoldur.
Rusiyanın Kazan şəhərində BRİKS qrupunun 16-cı sammiti keçirilir. Bu, İran İslam Respublikasının tam hüquqlu üzv kimi BRİKS-in iclasında ilk rəsmi iştirakıdır. İran 2024-cü ilin yanvarında BRIKS-in rəsmi üzvü olub.
BRİKS qrupu və ya inkişaf etməkdə olan iqtisadiyyatlar əvvəlcə Rusiya, Çin, Hindistan və Braziliyanın iştirakı ilə formalaşdı, sonra Cənubi Afrika da ona qoşuldu. Bu ilin əvvəlində sözü gedən qrupa İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Efiopiya da əlavə edilib.
BRİKS qrupu həm üzv, həm də qeyri-üzv ölkələrə, xüsusən də Qərb dövlətləri üçün siyasi və iqtisadi baxımdan çox vacibdir. Siyasi baxımdan BRİKS-in əhəmiyyəti ondan ibarətdir ki, dünya sistemini çoxtərəfliliyə doğru sövq edir və beynəlxalq sistemdə ABŞ-ın hegemoniyasından çıxış yolu hesab olunur.
Çin, Hindistan, Rusiya kimi güclü dövlətlərin, eləcə də İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Braziliya kimi regional güclərin bu təşkilata üzv olması səbəbindən çoxtərəflilik imkanı praktiki olaraq təmin edilir.
Prezident Pezeşkiyan Rusiyaya getməzdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, BRİKS ABŞ-ın təkvektorluq siyasətinə nəzarət etmək üçün yaradılmış bir təşkilatdır.
BRİKS qrupu iqtisadi cəhətdən kifayət qədər imkanlara malikdir və dünya iqtisadiyyatının təxminən 30%-nə sahibdir, bu məsələ şübhəsiz ki, üzv ölkələr arasında iqtisadi əməkdaşlığı və qarşılıqlı əlaqəni artıra bilər.
Dünya iqtisadiyyatının 30%-nə, eləcə də dünya əhalisinin yarısına sahib olmaq həm də ədalətsiz sanksiyalar təhlükəsini dəf etmək üçün böyük imkandır. Bununla əlaqədar “BRICS Pay” ödəniş sisteminin yaradılması üzv ölkələrin ABŞ dolları və Qərb maliyyə sistemindən asılılığını azalda, ABŞ-ın iştirakı olmadan beynəlxalq əməliyyatların aparılmasına şərait yarada bilər. SWIFT-i əvəz etməyə çalışan bu sistem ABŞ sanksiyaları altında olan ölkələrə maliyyə əməliyyatlarını Qərb maliyyə sistemindən asılı olmadan həyata keçirməyə kömək edəcəkdir.