İranın mədəniyyət və islami irşad naziri:
Ustad Şəhriyar ruh və imanın vəhdətinin simvoludur
İranın mədəniyyət və islami irşad naziri milli kimliyin möhkəmləndirilməsində fars dilinin və poeziyasının rolunu vurğulayaraq bildirib: Ustad Məhəmmədhüseyn Behcət Təbrizi (Şəhriyar) yalnız hisslərin qəzəl şairi deyil, həm də ruh və imanın vəhdətinin simvolu olub. Onun xatirəsi və düşüncələri bu günün şairləri üçün ilham mənbəyi ola bilər.
Pars Today-nin İRNA-ya istinadən verdiyi xəbərə görə, Seyid Abbas Salehi cümə günü axşam Fars dili və ədəbiyyatı günü münasibətilə keçirilən tədbirə və ustad Şəhriyarın anım mərasiminə ünvanladığı mesajında bildirib: Dil həmrəyliyin və milli əsasların möhkəmləndirilməsinin təcəssümüdür və ona qayğı göstərmək sadəcə seçim deyil, mədəni və milli zərurətdir.
O əlavə edib: Fars dili yalnız birlik oxu deyil, həm də tərbiyə və əxlaqın, adət-ənənə və mifologiyanın, eləcə də milli kimliyin digər əsaslarının təcəssümüdür.
İranın mədəniyyət və islami irşad naziri farsdilli poeziyanın İran mədəniyyətindəki mövqeyinə toxunaraq deyib: Fars poeziyası əzab və zövqün, hikmət və əxlaqın, irfan və mənəviyyatın mahiyyəti, “ədalətin” “zülmə” qarşı təcəssümüdür. Bu geniş ədəbi aləm əsrlər boyu hadisələrin sərt sınaqları qarşısında davam gətirib və coğrafi sərhədləri aşıb. Bununla belə, fars poeziyası 1405-ci günəş ilində daha böyük məna və əhəmiyyət qazanıb.
Salehi əlavə edib: Bölgənin üzərinə hegemonist fitnələrin tozu çökdüyü günlərdə “ikinci və üçüncü məcburi müharibə” İranın müasir tarixində dönüş nöqtəsinə çevrildi. Onun sözlərinə görə, bu dastan İran xalqının iman, uzaqgörənlik və gücü arasındakı qırılmaz bağlılığı nümayiş etdirir və İran xalqının tarixi yaddaşında qalacaq.
İranın mədəniyyət və islami irşad naziri vurğulayıb: Ömrünün son illərində İran xalqının fədakarlıq ruhunun əzəmətini tərənnüm edən Şəhriyar bu gün sənət dili ilə İranın böyük qələbələrini nəql edən şairlər üçün yol göstəricisi ola bilər.
Salehi həmçinin İran İslam Respublikasının Ali Rəhbərinin fars dilinin qorunub saxlanılmasına dair vurğularına toxunaraq bildirib: Bu gün milli qüdrəti yeni və dəyərli ifadələr, yüksək poetik sözlər vasitəsilə gələcək nəsillərə çatdıra biləcək istedada əvvəlkindən daha çox ehtiyacımız var. Fars dili ilahi nemət, mədəni müstəqilliyin təminatçısı və İran xalqının böyük qələbələrinin əks-sədasıdır və ona əvvəlkindən daha çox qayğı göstərilməlidir.