İran İsveçin ittihamlarını rədd etdi:
İsveç diplomata 48 saat vaxt verildi
İran Xarici İşlər Nazirliyi İsveçin Tehranla bağlı ittihamlarını əsassız adlandıraraq rədd edib. Tehran qarşılıqlı tədbir çərçivəsində İsveçin Tehrandakı diplomatlarından birinin 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.
İran Xarici İşlər Nazirliyi İsveçin İran İslam Respublikasına qarşı irəli sürdüyü iddiaları rədd edib. Stokholmun iranlı diplomatın fəaliyyətini davam etdirməsinə mane olmasına cavab olaraq, Tehrandakı isveçli diplomatlarından birinə İranı tərk etməsi üçün 48 saat vaxt verilib.
İran Xarici İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yaydığı bəyanatda İsveç hökumətinin İran İslam Respublikası ilə bağlı əsassız iddiasını rədd edib və bu ölkənin Xarici İşlər Nazirliyinin İsveçdəki İran səfirliyində çalışan iranlı diplomatlarından birinin fəaliyyətini davam etdirməsinə mane olmasını pisləyib. Bəyanatda deyilir: “İsveç hökuməti əsassız və beynəlxalq hüquq normalarına zidd bir addım ataraq, İran İslam Respublikasının Stokholmdakı səfirliyində çalışan diplomatlarından birini heç bir əsaslı səbəb olmadan İsveç ərazisini tərk etməyə məcbur edib.
Eyni zamanda, İsveç hökuməti İranın bu ölkənin təhlükəsizlik məsələlərinə müdaxiləsi ilə bağlı əsassız ittihamlar irəli sürüb. Xarici İşlər Nazirliyi İrana qarşı irəli sürülən iddia və ittihamları rədd edir, İsveç hökumətinin iranlı diplomatın fəaliyyətini davam etdirməsinə mane olmasını tamamilə əsassız hesab edir və bu addımı pisləyir.
İsveç hökumətinin bu addımı, şübhəsiz ki, sionist rejimin təsiri altında atılıb və İran İslam Respublikasının Stokholmdakı səfirliyinin normal fəaliyyətini pozmağa yönəlmiş cəhd hesab olunur. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İsveç hökumətinin beynəlxalq hüquqa, o cümlədən 1961-ci il Diplomatik əlaqələr haqqında Konvensiyaya əsasən üzərinə düşən öhdəlikləri xatırladaraq bildirir ki, İsveç hökumətinin səfirliyin öz vəzifələrini yerinə yetirməsinə əsassız şəkildə mane olması həmin dövlətin beynəlxalq məsuliyyətinə səbəb olacaq.
Aydındır ki, İran İslam Respublikası öz hüquq və milli maraqlarını qorumaq üçün, o cümlədən qarşılıqlı tədbirlər görmək yolu ilə zəruri addımları atacaq. Bu əsasda, bu gün, cümə axşamı, 17 sentyabr 2026-cı il səhər İsveçin Tehrandakı səfiri Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Əlirza Yusifi tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə İran İslam Respublikasının İsveçin İrana qarşı dağıdıcı siyasəti, xüsusilə İranla bağlı yersiz ifadələri, habelə İran əleyhinə fəaliyyət göstərən ünsür və terrorçu qruplara ev sahibliyi etməsi ilə bağlı kəskin etirazı səfirə çatdırılıb. Bu görüş zamanı İsveçin İrana qarşı əsassız iddiaları, o cümlədən bu ölkənin İsveçdəki İran səfirliyində çalışan iranlı diplomatlarından birinin fəaliyyətini davam etdirməsinə mane olması rədd edilib
Səfirə bildirilib ki, ona izah edilən aydın səbəblərə görə İsveçin Tehrandakı diplomatlarından biri 48 saat ərzində İranı tərk etməlidir.”