Yəhya Səri:
“Aramco” şirkətini və Səudiyyə Ərəbistanının hava bazasını darmadağın etdik
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə Ərəbistanının Yəmənə qarşı həyata keçirdiyi 450 hava hücumuna toxunaraq, “Aramco” şirkəti və Xəmis Müşeyt hava bazasına qarşı onlarla ballistik raket və pilotsuz uçuş aparatı ilə iki əməliyyat keçirildiyini açıqlayıb
Pars Today “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri rəsmi bəyanatında bildirib ki, “cinayətkar Səudiyyə düşməni” 12 ildir Yəmənə və bu ölkənin xalqına qarşı təcavüzünü və qəddar mühasirəsini davam etdirir. O, bu həftə hücumların miqyasının daha da genişləndirildiyini və Yəmənə qarşı 450-dən çox hava hücumunun həyata keçirildiyini deyib.
Yəhya Səri bildirib ki, Yəmənə və xalqına qarşı bu təcavüzə cavab olaraq Silahlı Qüvvələr Allahın köməyi ilə iki mühüm hərbi əməliyyat keçirib. İlk əməliyyat zamanı Yənbudakı “Aramco” obyektinin onlarla ballistik raket və pilotsuz uçuş aparatı ilə hədəfə alındığı bildirilib. Onun sözlərinə görə, hücumlar dəqiq və birbaşa olub, nəticədə böyük yanğınlar və genişmiqyaslı dağıntılar baş verib.
İkinci əməliyyat zamanı isə Xəmis Müşeytdəki hava bazasının bir neçə ballistik raketlə hədəfə alındığı və hücumun dəqiq olduğu bildirilib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü vurğulayıb ki, Yəmən Silahlı Qüvvələri ölkəni və xalqı müdafiə etməyə davam edəcək və Allahın köməyi ilə Səudiyyə Ərəbistanına qarşı “unudulmaz dərslər” verəcək.
Səri bildirib: “Səudiyyə Ərəbistanının dərinliklərində hərbi əməliyyatlarımızı davam etdirəcəyik, Səudiyyə muzdlularının toplaşdığı məntəqələri hədəfə alacağıq və təcavüz dayandırılana, əziz ölkəmizə qarşı mühasirə ləğv edilənədək «mühasirəyə qarşı mühasirə, eskalasiyaya qarşı eskalasiya» prinsipini möhkəmləndirəcəyik.”