İranın səfiri:
Rusiya və Çinin anti-İran qətnaməsinə vetosu tarixə düşdü
İranın Rusiyadakı səfiri Kazem Cəlali BMT Təhlükəsizlik Şurasında İrana qarşı qətnamə layihəsinin qəbulunun qarşısının alınmasına toxunaraq bildirib: Rusiyanın və Çinin dəyərli dəstəyi minnətdarlığa layiqdir və tarixdə öz yerini tutacaq.
Pаrs Today-nin İRNA-ya istinadən verdiyi xəbərə görə, Kazem Cəlali cümə günü axşam “X” sosial şəbəkəsindəki hesabında yazıb: ABŞ-ın İran İslam Respublikasına qarşı qanunsuz sanksiyaları bərpa etmək üçün BMT Təhlükəsizlik Şurasından sui-istifadə etmək istiqamətində apardığı fasiləsiz cəhdlər bu dəfə də Rusiya və Çinin vetosu ilə uğursuzluğa düçar oldu. Halbuki bu sanksiyalar daha əvvəl Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) əsasən həmişəlik ləğv edilmişdi.
O əlavə edib: “Sanksiya kimi köhnəlmiş alət keçmişə aiddir və artıq öz effektivliyini itirib. Çünki sabahın dünyası çoxqütblü dünya və çoxtərəfli əməkdaşlığa inananların dünyası olacaq.”
Cəlali vurğulayıb: “İran xalqının səbir və müqaviməti həmin zamana çatmağı asanlaşdırıb.”
ABŞ-ın İrana qarşı hazırladığı qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının 1737 saylı Komitəsinin “Ekspertlər Paneli”nin (PoE) mandatının uzadılmasını nəzərdə tuturdu. Layihə sentyabrın 17-də (1405-ci il şəhrivər ayının 26-sı), yerli vaxtla cümə axşamı günü, “Yayılmamanın qarşısının alınması” gündəliyi çərçivəsində müzakirəyə çıxarılıb, lakin Rusiya və Çinin vetosu səbəbindən qəbul edilməyib.