İran və Türkiyə arasında yeni sərhəd-keçid məntəqəsinin açılması razılaşdırılıb
https://parstoday.ir/azeri/news/iran-i14436-İran_və_türkiyə_arasında_yeni_sərhəd_keçid_məntəqəsinin_açılması_razılaşdırılıb
İranın daxili işlər naziri İsgəndər Mömini Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə Ankarada keçirilən görüşdə iki ölkə arasında sərhəd-keçid məntəqələrinin sayının artırılması, təhlükəsizlik və polis əməkdaşlığının genişləndirilməsi, eləcə də cinayətkarların ekstradisiyası üzrə birgə işçi qrupun yaradılması barədə razılaşmalar əldə edildiyini açıqlayıb.
(last modified 2026-09-17T07:33:50+00:00 )
Sen 17, 2026 11:30 Asia/Baku
  • İran və Türkiyə arasında yeni sərhəd-keçid məntəqəsinin açılması razılaşdırılıb

İranın daxili işlər naziri İsgəndər Mömini Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə Ankarada keçirilən görüşdə iki ölkə arasında sərhəd-keçid məntəqələrinin sayının artırılması, təhlükəsizlik və polis əməkdaşlığının genişləndirilməsi, eləcə də cinayətkarların ekstradisiyası üzrə birgə işçi qrupun yaradılması barədə razılaşmalar əldə edildiyini açıqlayıb.

Pars todayin Daxili İşlər Nazirliyinin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, İsgəndər Mömini Ankarada Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə görüşünün nəticələrini açıqlayaraq bildirib: Görüş çox yaxşı və səmimi şəraitdə keçirilib. Tərəflər sərhəd, təhlükəsizlik, asayiş və polis sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

 

O, İran və Türkiyə arasında fəaliyyət göstərən sərhəd-keçid məntəqələrinin sayının artırılması barədə razılaşmaya toxunaraq bildirib: Hazırda iki ölkə arasında üç aktiv sərhəd-keçid məntəqəsi var və daha bir sərhəd-keçid məntəqəsinin Səlmas bölgəsində fəaliyyətə başlaması barədə razılıq əldə olunub. Bunun üçün tərəflər lazımi hazırlıq və infrastrukturu təmin etməlidirlər və bu istiqamətdə artıq işlərə başlanılıb.

 

Daxili işlər naziri əlavə edib: Hesab edirəm ki, bu sərhəd-keçid məntəqəsi ilk fürsətdə açılacaq. Çaldıran bölgəsində beşinci sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı isə daha geniş araşdırmaların aparılması qərara alınıb.

 

Mömini həmçinin İran və Türkiyənin Birgə Təhlükəsizlik Komitəsi çərçivəsində fəaliyyət göstərən ixtisaslaşmış işçi qrupların yenidən aktivləşdirilməsi barədə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, İran və Türkiyə arasında təhlükəsizlik sazişi mövcuddur və Birgə Təhlükəsizlik Komitəsinin iclası adətən hər il keçirilir. Komitənin ötən il Tehranda, bu il isə Ankarada iclası keçirilib və onun tərkibindəki işçi qrupların fəaliyyətə başlaması qərara alınıb.

 

O, davam edib: Bu işçi qruplara silah qaçaqmalçılığı, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə qruplar daxildir və onların fəaliyyətə başlaması nəzərdə tutulur.

 

Daxili işlər naziri görüşdə müzakirə olunan digər məsələlərdən birinin cinayətkarların ekstradisiyası olduğunu bildirib və deyib: Biz bu təşəbbüsü alqışlayırıq və bu istiqamətdə birgə işçi qrupun yaradılması barədə razılığa gəldik. Həmçinin tərəflərin məsələni öz hökumətləri və ya parlamentlərində gündəmə gətirməsi və bununla bağlı qanunun qəbul edilməsi üçün tədbirlər görməsi qərara alınıb.

 

Mömini vurğulayıb: Cinayətkarların ekstradisiyası sahəsində əldə olunacaq razılaşma cinayətlərin qarşısının alınması üçün çox mühüm addım ola bilər.

 

O, Türkiyə hökumətinə və xalqına İranın müharibələr dövründə göstərilən dəstəyə görə təşəkkür edərək, iki ölkə arasındakı münasibətləri müxtəlif sahələrdə müsbət qiymətləndirib. Bildirib ki, İran və Türkiyə ticarət, iqtisadiyyat, təhlükəsizlik, asayiş, mədəniyyət və turizm sahələrində əməkdaşlıq edir və iki ölkə arasında bütün bu istiqamətlərdə münasibətlər mövcuddur.

 

Daxili işlər naziri İran və Türkiyədə hər iki ölkənin çoxsaylı vətəndaşlarının yaşamasına da toxunaraq bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız bir sahə ilə məhdudlaşmır və müxtəlif istiqamətlərdə geniş münasibətlər və qarşılıqlı əlaqələr mövcuddur.

 

Mömini sonda bildirib ki, son səfərin və əldə olunan razılaşmaların İran-Türkiyə arasında hərtərəfli əməkdaşlığın inkişafında dönüş nöqtəsinə çevriləcəyinə ümid edir.