Erməni politoloq:
Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər
Köçəryanla yanaşı, daha altı nəfərin saxlanılması barədə məlumat var və istintaq çərçivəsində 2001–2019-cu illərdə Köçəryan və onun oğlunun adına həyata keçirildiyi bildirilən iri həcmli pul köçürmələri də araşdırılır
Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın fəaliyyəti ilə bağlı Azərbaycanın istintaq orqanlarının da ciddi sualları ola bilər.
Bunu APA-ya açıqlamasında erməni politoloq Artur Ağacanov deyib.
O bildirib ki, avqustun 25-də səhər saatlarından Robert Köçəryanın və onun böyük oğlunun evində axtarışlar aparılıb, keçmiş prezident və oğlu saxlanılıb.
Politoloqun sözlərinə görə, sonradan Köçəryanın səhhətinin pisləşməsi və ürəyində yaranmış problemlərlə əlaqədar tibb mərkəzinə aparılması barədə məlumat yayılıb
“Hazırda bunun nə dərəcədə doğru olduğuna dair dəqiq məlumat yoxdur. Yəqin ki, sonradan bu məsələ ilə bağlı daha ətraflı məlumat veriləcək”, – Ağacanov bildirib.
Politoloq vurğulayıb ki, Köçəryanla yanaşı, daha altı nəfərin saxlanılması barədə məlumat var və istintaq çərçivəsində 2001–2019-cu illərdə Köçəryan və onun oğlunun adına həyata keçirildiyi bildirilən iri həcmli pul köçürmələri də araşdırılır.
“İstintaq 144 milyard dram həcmində pul köçürmələrinin hansı şəraitdə həyata keçirildiyini araşdırır. Eyni zamanda, iş üzrə fiqurantların və onların ailə üzvlərinin Ermənistan və xaricdə 30-dan çox əmlak obyekti əldə etməsinin halları araşdırılır. Söhbət iri müəssisələrdən, idman komplekslərindən və torpaq sahələrindən gedir. Bu əmlakların satılmasının və ya başqa şəxslərə ötürülməsinin qarşısının alınması məqsədilə onların üzərinə həbs qoyulması mümkündür”, – o qeyd edib.
Ağacanov xatırladıb ki, bundan bir gün əvvəl Ermənistan parlamentində Robert Köçəryanın oğlu Levon Köçəryanla Baş nazir Nikol Paşinyan arasında sərt sözlü mübahisə yaşanıb.
“Paşinyan Köçəryanın hakimiyyətdə olduğu 10 il ərzində necə milyonçu olması ilə bağlı sual qaldırdı. Daha sonra Baş nazir bildirdi ki, qanunsuz yolla əldə edilmiş əmlak geri qaytarılmalıdır və bu məsələ həm Köçəryan, həm də Sarkisyan çevrəsini əhatə etməlidir”, – politoloq deyib.Artur Ağacanov hesab edir ki, Robert Köçəryan və onun ətrafı ilə bağlı araşdırmalar obyektiv aparılmalı və ittihamların hüquqi əsasları istintaq yolu ilə müəyyənləşdirilməlidir.“Təqsirsizlik prezumpsiyası var və bunu unutmaq olmaz. Ona görə də əvvəlcədən hökm vermək düzgün deyil. Lakin irəli sürülən iddialar sübuta yetirilərsə və kifayət qədər sübut bazası formalaşarsa, Köçəryan onun hakimiyyəti dövründə törədildiyi iddia olunan iqtisadi cinayətlərə görə cavab verməli olacaq. Hesab edirəm ki, istintaq onun oğlu və ətrafındakı şəxslərlə bağlı da davam etdiriləcək”, – o vurğulayıb.