Ermənilər qoymur səfir təyin edilsin
https://parstoday.ir/azeri/news/azerbaijan-i602-ermənilər_qoymur_səfir_təyin_edilsin
ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza bildirib ki, Erməni diasporu Amerikanın Azərbaycan Respublikası üçün səfir təyin etməsinə imkan vermir.
(last modified 2023-06-20T06:39:35+00:00 )
İyun 19, 2023 17:57 Asia/Baku
  • Ermənilər qoymur səfir təyin edilsin

ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza bildirib ki, Erməni diasporu Amerikanın Azərbaycan Respublikası üçün səfir təyin etməsinə imkan vermir.

 

Təəssüf ki, ABŞ Senatı tərəfindən təsdiqlənməmiş və aylar, hətta bir il və ya daha çox müddət gözlədilən onlarla səfir təyinatı var. Və bu, əsasən daxili siyasi sövdələşmənin nəticəsidir ki, burada adətən Respublikaçı və ya müxalifətçi Konqres üzvü Prezident Baydeni səfir təyinatı ilə bağlı bir növ qərar verməyə məcbur etmək istəyir.

ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza Axar.az-a verdiyi açıqlamada  Prezident Co Baydenin Azərbaycana səfir təyin olunması üçün namizədliyini irəli sürdüyü Mark Libbinin təyinatı ilə bağlı yaranan problemlərdən danışarkən deyib:

“Mark Libbi mənimlə oxşar vəziyyətlə üzləşə bilər. O zaman da ABŞ-dakı yunan, erməni, Kipr diasporlarının üzvləri namizədliyimə qarşı çıxdılar. İndi də Markın Azərbaycana namizədliyinə qarşı çıxırlar, çünki ikimiz də Kipr, Türkiyə və Yunanıstan üzərində işləmişik. Mən Ermənistan və Azərbaycan üzərində də işləmişəm.

Brayza əlavə olaraq deyib: Adını çəkdiyim həmin diasporlar Vaşinqtonda çox fəaldır və çox səs-küylüdürlər. Onların taktikalarından biri ABŞ-ı məcbur etməyə çalışmaqdır. Onlar prezidentin Azərbaycan və ya Türkiyəyə səfir təyin etmək istədiyi şəxsin namizədliyini dayandırmaq istəyirlər.

Mən Mark Libbi ilə işin bütün təfərrüatını dəqiq bilmirəm, amma təxmin edirəm ki, qeyd etdiyim amillər onu saxlayıb”, - Brayza bildirib.

Sosial şəbəkələrdə Brayzanın sözləri ilə razılaşanlar böyük vəsait hesabına Amerikada fəaliyyət göstərən Azərbaycan diasporunun passivliyindən gileylənir və “nəyə görə Azərbaycan diasporunun ABŞ siyasətinə zərrə qədər təsiri yoxdur?” sualınıa cavab axtarırlar. 

Müzakirələrdə bu reallığın bir tərəfi kimi diasporanın rüşvət və korrupsiya ocağı olması və cidid heç bir təşəbbüslə məşğul olmaması təqdim olunur. Bəzilərinə görə isə, mahiyyət etibarı ilə ABŞ hakimiyyətində xristian təəssübkeşliyi ciddi faktordur. Həmin amillə yanaşı ABŞ cəmiyyətində islamofobiyanın təyinedici səviyyədə  olması, bu ölkədə müsəlman ölkələrə mənfi münasibətə səbəb olur. Erməni diasporunun ABŞ hakimiyyətində dərin təsiri isə əslində hakimiyyətin ermənilərə nikbin baxışından mənşə alır.