Azərbaycan yeni şərtlər irəli sürür
Ermənistanla bu il sülh sazişi imzalanacaqmı? - TƏHLİL
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun buraxılmasını və Ermənistan konstitusiyasına dəyişiklikləri iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının vacib şərtləri adlandırıb.
Ermənistan hələ ki, bu təklifə rəsmi cavab verməyib. Erməni politoloqlar isə bunu qəbuledilməz hesab edirlər, çünki onların fikrincə, ATƏT-in Minsk qrupunun buraxılması Qarabağ münaqişəsinin bütün tarixini siləcək. Ermənistandakı siyasi şərhçilər həmçinin belə bir addımın gələcəkdə məsələyə yenidən baxılmasının qarşısını alacağını iddia edirlər.
Azərbaycanda isə bildirirlər ki, Ermənistan öz konstitusiyasından Müstəqillik Aktına istinad edən maddəni çıxarmalıdır. Çünki orada Qarabağın Ermənistana birləşdirilməsi istəyi açıq şəkildə ifadə edilir.
Bununla belə, yeni konstitusiya 2026-cı ilə qədər hazır olmayacaq. Beləliklə də, 2024-cü ildə Azərbaycanın sülh müqaviləsi imzalamaq şərtlərinə əməl olunmayacaq.
Digər tərəfdən ABŞ və Fransanın müdaxiləçi hərəkətlərini də unutmaq olmaz. Bu madaxilələr regionda etimadsızlığı artıraraq sülhün əldə olunmasını gecikdirir. Hər bir halda sülh müqaviləsinin imzalanması üçün regiondaxili imkanlardan istifadə edilməlidir. Yalnız belə olan halda davamlı sülh və sabitliyin şahidi ola bilərik.