Tərtər işi üzrə təqsirli bilinən şəxs: “Tapşırıq alıb, icra etmişəm, vəssalam”
(last modified Sat, 21 Sep 2024 09:40:12 GMT )
Sen 21, 2024 13:40 Asia/Baku
  • Tərtər işi üzrə təqsirli bilinən şəxs: “Tapşırıq alıb, icra etmişəm, vəssalam”

7 il əvvəl Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrlə bağlı 5 nəfərdən ibarət daha bir qrupun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İşə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır.

 

Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundovdan ibarət təqsirləndirilənlərin məhkəməsində 317 nəfər zərərçəkmiş qismində tanınıb. Həmçinin işgəncə nəticəsində həyatını itirmiş 4 nəfərin ailə üzvü də zərərçəkmişin hüquqi varisi qismində tanınıb.

Zərərçəkmişlər məhkəmə prosesində ifadə verərkən Tərtərdə ağlasığmaz işgəncələrə məruz qaldıqlarını deyiblər. Onlar icraçılarla yanaşı, bu hadisələrin təşkilatçılarının cəzalandırılmasını tələb ediblər. Bu məhkəmə prosesində dəfələrlə Müdafiə naziri Zakir Həsənovun, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıxovun, Hərbi Prokuror Xanlar Vəliyevin, onun müavini Şəfahət İmranovun, keçmiş korpus komandiri Hikmət Həsənovun və s. vəzifəli şəxslərin çağırılıb dindirilməsi barədə vəsatətlər qaldırılıb. Lakin heç birini hakimlər təmin etməyib.

Təqsirləndirilən şəxslər də bundan narazı qalıb. Onlar bildirib ki, əmr yerinə yetiriblər.

Hadisələr vaxtı gizir kimi xidmətdə olmuş Qurban Cümşüdov iddia edir ki, o zaman onu hərbçiləri kütləvi şəkildə toplayıb, işgəncə verdikləri köhnə qərargah binasının çöl tərəfdən mühafizəsinə cəlb etmişdilər:

“Daxili xidmət nizamnaməsində göstərilib ki, komandirlərin verdiyi əmrə sözsüz tabe olacaqsan, icra edəcəksən. Mənim əmrdən çıxmağa ixtiyarım yox idi”,- Qurban Cümşüdov deyib.

Digər təqsirləndirilən Cavid Ağadadaşov bildirib ki, Müdafiə Nazirliyinin generalları hadisə yerində idi, işgəncələri gözlərilə görürdülər: “Rasim Əliyev də ətrafda nə baş verdiyni yaxşı görürdü. Ölkənin bütün güc strukturlarının generalları orada idi. Hərbi prokuror orada, istintaq orqanlarının vəzifəli şəxsləri orada… O boyda adamların olduğu yerdə necə qanunsuz adam saxlaya bilərdim? Tapşırıq alıb, icra etmişəm, vəssalam.”.

General Hikmət Həsənovun köməkçisi Fuad Ağayev də bildirib ki, Tərtərdə baş verənlər öncədən Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbərliyi arasında razılaşdırılmışdı.

O əlavə edib ki, həmin hadisələr baş verəndə işgəncələrdən prokurorluğun müstəntiqləri, məhkəmə hakimləri xəbərdar idi. Çünki işgəncə görənlər hərbi prokurorluğun müstəntiqlərinin təqdim etdikləri siyahı əsasında gətirilirdi.

Fuad Ağayev və daha 4 nəfərin məhkəməsi sentyabrın 26-da davam edəcək.