İran və Azərbaycan Respublikası ortaq sərhəd layihələrinin sürətləndirilməsinə təkid etdi
İranın yol və şəhərsalma naziri Fərzanə Sadıq və Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev, iki ölkə arasında Astara sərhəd keçid məntəqəsi və hazırda inşası davam edən sərhəd körpüləri də daxil olmaqla, ortaq sərhəd layihələrinin icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə ortaq komissiyanın həmsədrləri olan Fərzanə Sadıq və Şahin Mustafayev rəsmi görüş zamanı xüsusilə sərhəd layihələri sahəsində iqtisadi və icraçı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.Tərəflər, həmçinin, ortaq layihələrin cari vəziyyətini yerində araşdırmaq və təhlil etmək məqsədilə, Şahin Mustafayevin yaxın gələcəkdə İranın Astara şəhərinə səfəri barədə razılığa gəliblər. Bu səfər çərçivəsində ortaq iqtisadi komissiyanın iclası keçiriləcək, layihələrin icra mexanizmləri və mümkün maneələrin aradan qaldırılması yolları müzakirə ediləcək.