İran Xarici İşlər Nazirliyi:
ABŞ-ın İrana qarşı sanksiyaları beynəlxalq hüququn pozulmasıdır
Birləşmiş Millətlər Təşkilatı sisteminin bu cür qanunsuz addımlara biganə qalması ən ağır beynəlxalq cinayətlərin formalaşmasına, regional və qlobal nizamın, eləcə də bəşər sivilizasiyasının təhlükə altına düşməsinə səbəb olur.
Pars Today-in məlumatına görə, İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İran xalqına qarşı iqtisadi terrorizmdən istifadəni dövlət terrorizminin və bəşəriyyətə qarşı cinayətin nümunəsi kimi qiymətləndirib.
Bəyanatda bildirilib: Birləşmiş Millətlər Təşkilatı sisteminin bu cür qanunsuz addımlara biganə qalması ən ağır beynəlxalq cinayətlərin formalaşmasına, regional və qlobal nizamın, eləcə də bəşər sivilizasiyasının təhlükə altına düşməsinə səbəb olur.
Bəyanatda qeyd olunub ki, ABŞ-ın dollar rıçağından digər ölkələri qorxutmaq və onları Vaşinqtonun müdaxiləçi siyasətlərinə tabe olmağa məcbur etmək vasitəsi kimi sui-istifadə etməsi İran məsələsində milli suverenliyin və Birləşmiş Millətlər Təşkilatına üzv bütün dövlətlərin öz müqəddəratını təyinetmə hüququnun pozulmasıdır.
İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, bütün ölkələr ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları icra etməkdən çəkinməyə borcludurlar.