Kamalvəndi:
Nüvə obyektlərinin məlumatlarının qorunması xüsusi əhəmiyyət daşıyır
Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi İRNA müxbirinə eksklüziv müsahibəsində deyib: “Baş direktor öz yanaşmalarında əsaslı dəyişiklik etmək istəmədiyi təqdirdə, biz ona etimad göstərmirik. O, peşəkar fəaliyyət göstərməkdən daha çox siyasi davranır.
Onun açıqlamaları siyasi xarakter daşıyır.” Atom Enerjisi Təşkilatının sözçüsü əlavə edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatları, eləcə də baş direktorun açıqlamaları və müsahibələri Avropa ölkələrinin, ABŞ-nin və xüsusilə İsrail rejiminin siyasi təzyiqləri üçün lazımi zəmin yaradır və buna görə də İran daim onun fəaliyyətinə etiraz edib. Kamalvəndi Qrossinin peşəkar vəzifəsini düzgün yerinə yetirmədiyini bildirərək deyib: “Baş direktor Agentliyi İsrail rejiminin və ABŞ-nin ixtiyarına verməyə çalışıb.
Bu səbəbdən onun yanaşmasında əsaslı dəyişiklik etməsi ehtimalı da şübhə doğurur.” O, hazırkı vəziyyəti Agentliyin sabiq baş direktoru Yukiya Amanonun rəhbərlik etdiyi dövrlə müqayisə edərək bildirib ki, həmin dövrdə də İranın Agentliklə geniş əlaqələri olub, lakin o zamankı baş direktorun davranışı indiki kimi siyasi xarakter daşımırdı və o, davamlı şəkildə müsahibələr verərək ittihamlar irəli sürmürdü. Atom Enerjisi Təşkilatının sədr müavini vurğulayıb: “Bizim dediyimiz budur ki, Agentlik öz mövqeyinə qayıtmalıdır.
Bu mövqe siyasi deyil, peşəkar və texniki fəaliyyət göstərməkdir.” Atom Enerjisi Təşkilatının sözçüsü zərər görmüş obyektlərə giriş məsələsinə də aydınlıq gətirib: “Hazırda onları zərər görmüş obyektlərə buraxmamağımız tamamilə təbiidir. Bu, müharibə və təhlükəsizlik məsələləri ilə bağlıdır.” O əlavə edib ki, düşmən təcavüzkar addımlarını tamamlamaq üçün məlumat əldə etməyə çalışır və belə bir şəraitdə nüvə obyektlərinə dair məlumatların qorunması xüsusi əhəmiyyət daşıyır.
Kamalvəndi Agentlikdən məlumatların sızmasını tənqid edərək bildirib ki, bu qurum özü də məlumatlarının qorunmasında aciz olduğunu etiraf edir. O vurğulayıb: “Agentlik məlumatları qoruya bilmədiyini etiraf edib.
Buna görə də biz dedik ki, əgər siz bunu bacarmırsınızsa, biz də bütün məlumatları sizin ixtiyarınıza verməməliyik.” O, İranla Agentlik arasında hazırkı münasibətləri enişli-yoxuşlu kimi xarakterizə edərək bildirib ki, bu vəziyyət həm müharibənin yaratdığı şəraitdən, həm də müharibədən əvvəl də mövcud olan siyasi təzyiqlərdən təsirlənir