İranın Bakıdakı keçmiş səfiri Azərbaycanla Ermənistan arasında sülhün bərqərarına ümid edir
Pakayin: Sülhün bərqərar olması tərəflərin mənafeyini təmin edəcək
İran İslam Respublikasının Bakıdakı keçmiş səfiri bildirib ki, Qarabağ münaqişəsinin sona çatması və sülhün bərqərar olması münaqişə tərəflərinin mənafeyini təmin edəcək.
Möhsün Pakayin Xəbər-Onlayn portalındakı mikrobloqunda yazıb: “Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxsləri Cənubi Qafqazda sülhün bərqərar olmasını mümkün edən hərəkətləri ilə qarşı tərəfin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdıqlarını bəyan edirlər”.
Onun fikrincə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 rayonu azad edilsə də, Qarabağın status məsələsi müəyyən edilmədi. Bu səbədən hazırda hər iki ölkənin qarşı tərəfin ərazi bütövlüyünü tanıdığını göstərən ciddi bəyanatları sülhün reallaşmasının qarşısında duran əsas maneəni aradan qaldırır.
Möhsün Pakayin sonra yazır: “10 noyabr bəyanatındakı digər qeyri-müəyyənlik Sünik keçidindən necə istifadə edilməsi ilə bağlı idi. Bu keçid Ermənistanın ərazi bütövlüyündədir və Azərbaycanın mərkəzi hissəsini Naxçıvanla birləşdirir. Ermənistanın baş naziri deyir ki, onun ölkəsi və Azərbaycan Respublikası bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır və ixtilafların həlli üçün addım atıblar. Beləlikə də Ermənistanın Azərbaycan Respublikasının Naxçıvana çıxışı üçün Sünik vilayətindən keçidi açmağa hazır olduğunu bildirməsi ilə Qafqazda sülhün bərqərar olması yolunda növbəti maneə də öz həllini tapmağa doğru gedir”.
Keçmiş səfir öz məqaləsinin sonunda yazır: “İran İslam Respublikası həmişə hesab edib ki, istənilən sülh müqaviləsinin davamlılığı üçün tərəflər mübahisələri beynəlxalq normalara hörmət edərək, bir-birinin ərazi bütövlüyünü tanımaqla və beynəlxalq səviyyədə tanınmış sərhədləri qorumaqla həll etməlidir.
Tarixi qeydlərə və beynəlxalq normalara görə, ermənilərin məskunlaşdığı Qarabağ bölgəsi Azərbaycan Respublikasının və Sünik vilayəti Ermənistanın ərazi bütövlüyününə daxildir. Ona görə də coğrafi sərhədlərin dəyişdirilməsi bu ölkələrin ərazi bütövlüyünün dəyişdirilməsi anlamına gəlir. Bunu nəzərə alaraq, tərəflər beynəlxalq sərhədləri pozmamaq və Dağlıq Qarabağdakı erməni azlığının təhlükəsizliyini təmin etmək qərarına gəliblərsə, münaqişə bitmiş hesab olunur və İslam İran Respublikası bu inkişafı müsbət qarşılayacaqdır.
Bakı və İrəvan bilməlidir ki, Qarabağ münaqişəsinin sona çatması və sülhün bərqərar olması tərəflərin mənafeyini təmin edəcək və iki ölkə xalqını qane edəcək. Bu inkişafla region ölkələri arasında 3+3 formatında əməkdaşlığa imkan yaranacaq və lazımsız münaqişələrə son qoyulacaq. Regionda sülh sazişindən zərər görəcək yeganə ünsür sionist rejimdir ki, Qafqaz ölkələrinə silah satmaq və kəşfiyyat imkanlarını itirəcək. Bu səbəbdən region ölkələrinin İsrailin təxribatçı hərəkətləri qarşısında diqqətli olmaları lazımdır”, - deyə Möhsün Pakayin öz məqaləsini yekunlaşdırıb.