Misir XİN: İranın nüvə proqramının hərbi həlli yoxdur
Misirin xarici işlər naziri ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkafla telefon danışığında regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq bildirib: İranın nüvə proqramının hərbi həlli yoxdur.
Misir Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Təmim Xəlaf açıqlayıb ki, Əbdülati bu telefon danışığında Qəzzada atəşkəslə bağlı danışıqların son gedişatı, xüsusən də Həmasın Vitkafın təklifini qəbul etməsi barədə məlumat verib və İsrailin bu təklifə cavab verməsinin, onun müddəalarını icra etməsinin, mövcud böhranın həlli, israilli girovların həyatının qorunması, Qəzza fələstinlilərinin iztirablarının azaldılması və humanitar yardımların bölgəyə çatdırılmasının təmin olunmasının vacibliyini vurğulayıb.Misirin xarici işlər naziri həmçinin ABŞ-nin təklifinə Həmasın razılıq verməsini müharibəyə son qoymaq üçün yaranmış əlverişli fürsət kimi dəyərləndirib və demək olar ki, iki ildir davam edən ədalətsiz müharibənin dayandırılması zərurətini qeyd edib. O, 60 günlük atəşkəsdən sülh danışıqlarının aparılması, müharibəyə son qoyulması və Fələstin məsələsinin ədalətli həlli üçün yolların təqdim edilməsi məqsədilə istifadə olunmasının önəmini xüsusi vurğulayıb.