Suriyada yeni gərginlik
İsrail Suriyada Türkiyənin hərbi mövcudluğuna qarşı xəbərdarlıq edir
İsrail ordusu Suriyanın İdlib vilayətində yerləşən Əbu əl-Zühur hərbi hava limanına hava zərbələri endirib. İsrail mediası hücumun Türkiyə qüvvələrinin Suriyada hərbi yerləşməsinin qarşısını almaq məqsədi daşıdığını iddia edib. Suriya isə hücumu suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi qiymətləndirərək kəskin şəkildə pisləyib
▫️ PARS Today-in verdiyi məlumata görə, İsrail mediası Netanyahu ofisinə istinadla iddia edib ki, Suriya təhlükəsizlik məsələlərində “mövcud vəziyyəti pozmaq” və Türkiyə qüvvələrinin Hələb yaxınlığındakı hərbi hava bazalarından birində yerləşdirilməsinə şərait yaratmaq ərəfəsində olub
Bu arada Suriya dövlət xəbər agentliyi SANA İsrail təyyarələrinin Suriyanın Dəraa vilayətinin hava məkanını pozduğunu açıqlayıb. Bundan bir neçə saat əvvəl isə İsrail artilleriyasının Suriyanın cənubunda, Dəraanın qərb ətrafındakı Abidin kəndi vadisini atəşə tutduğu barədə məlumatlar yayılıb.
İsrail rejimi çərşənbə axşamı səhər saatlarında Suriyanın şimal-qərbində, İdlib ətrafında yerləşən “Əbu əl-Zühur” hərbi hava limanına hava zərbələri endirib. İsrail hərbi təyyarələrinin hücumları zamanı hava limanının uçuş-enmə zolağı dörd dəfə hədəfə alınıb.
Suriyanın Xarici İşlər Nazirliyi İsrail rejiminin İdlib vilayətindəki Əbu əl-Zühur hərbi hava limanına endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib.
Nazirlik bildirib ki, bu hücumlar “əsassız təcavüz və Suriyanın suverenliyi ilə ərazi bütövlüyünün açıq şəkildə pozulması”dır.
Suriyanın Xarici İşlər Nazirliyi vurğulayıb ki, İsrail rejiminin hücumları davam etdirməsi onun Suriyada sabitliyin bərqərar olması proseslərinə mane olmaq cəhdlərini bir daha ortaya qoyur.
Nazirlik həmçinin İsrail rejimini bu hücumların yaratdığı gərginliyin daha da artmasına görə məsuliyyət daşımaqda ittiham edib və beynəlxalq ictimaiyyəti, eləcə də BMT Təhlükəsizlik Şurasını bu addımı pisləməyə çağırıb.
Bəyanatın sonunda qeyd olunub ki, Suriya öz milli hüquq və maraqlarını qanuni vasitələrlə, beynəlxalq hüquq və normalar çərçivəsində müdafiə etməyə davam edəcək.