İsrail rejiminin Livana təcavüzkar hücumları güclənir
ölənlərin sayı 4 348 nəfərə çatıb
İsrail rejimi bu gün Livanın cənubundakı müxtəlif ərazilərə hava və artilleriya zərbələri endirməklə, həmçinin partlayış əməliyyatları həyata keçirməklə təcavüzkar hücumlarının miqyasını daha da genişləndirib
“Pars Today” Əl-Əhd xəbər portalına istinadən xəbər verir ki, İsrail rejimi bu gün Livanın cənubundakı şəhər və kəndlərə qarşı hücumlarını davam etdirərək artilleriya və hava zərbələri endirib, həmçinin bir sıra partlayış əməliyyatları həyata keçirib.
Livan Milli Xəbər Agentliyinin məlumatına görə, Nabatiyyə rayonunda Meyfdun və Şərqi Zəvtər qəsəbələri arasındakı səddin yaxınlığında İsrail rejiminin əvvəlki hücumlarından qalan şübhəli bir cismin partlaması nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Livanın Mülki Müdafiə qüvvələri və İslam Səhiyyə Heyəti hadisə zamanı həlak olan və yaralanan şəxsləri xəstəxanaya çatdırıb.
Hücumların davamı olaraq, İsrail rejiminə məxsus pilotsuz uçuş aparatı Mənsuri qəsəbəsinə bomba atıb və nəticədə zərbə yerində yanğın baş verib
İsrail rejimi qüvvələri həmçinin Bint Cübeyl rayonundakı Həddəsə qəsəbəsinin ətraf ərazilərini pulemyotlarla atəşə tutub.
İsrail rejiminə məxsus “Merkava” tankı da Mərceyunun rayonundakı Əl-Xəyyam qəsəbəsinə doğru 4 ağır mərmi atıb.
İşğalçı qüvvələr Əl-Xəyyam qəsəbəsində yaşayış binasını da partladıb. Nəticədə bina tamamilə dağılıb. Eyni zamanda, İsrail rejiminin hərbi qüvvələrindən biri Meys əl-Cəbəl qəsəbəsinin qərb hissəsində Dubiyyə istiqamətində irəliləyib. Rejimin artilleriya qüvvələri də qəsəbənin qərb hissəsindəki bir evi hədəfə alıb.
İsrail rejimi qüvvələri həmçinin Mənsuri və Sur rayonundakı yaşayış binalarına, eləcə də Mərceyunun rayonundakı Hula, Mərkəba və Təlusə qəsəbələrinə, Nabatiyyə rayonundakı Kəfr Təbnit qəsəbəsinə qarşı bir sıra güclü partlayışlar törədib.
Meys əl-Cəbəlin qərbində orta çaplı silahlardan geniş atəş açılıb və nəticədə ərazidə yanğın baş verib.
Bununla yanaşı, İsrail rejiminin pilotsuz uçuş aparatları Livanın hava məkanını pozmaqda davam edib. PUA-lar səhər saatlarından etibarən Beyrut və onun cənub ətrafı üzərində çox aşağı hündürlükdə uçuşlar həyata keçirib.
İsrail rejiminin artilleriya qüvvələri də Bint Cübeyl rayonundakı Bəraşit, Sur rayonundakı Məcdəl Zun və Mənsuri, Mərceyunun rayonundakı Meys əl-Cəbəl və Həsbəyya rayonunda Cəbəl əs-Sədana istiqamətində yerləşən Əl-Həbariyyə qəsəbələrini bir neçə dəfə atəşə tutub.
İsrail rejiminin qırıcı təyyarələri həmçinin bu gün Nabatiyyə əl-Fovqa qəsəbəsinin Əd-Deyr məhəlləsində Əl-Hac Əli ailəsinə məxsus evi hədəfə alıb. Hücum nəticəsində ev tamamilə dağılıb. Hadisə ilə bağlı ölən və ya yaralananlar barədə məlumat verilməyib.
İsrail rejiminin qırıcıları bu səhər Nabatiyyə əl-Fovqanın ətrafındakı Əli ət-Tahir yüksəkliklərinə, Kəfr Rəman ərazisindəki Duha bölgəsinə və Deyr Siryan qəsəbəsinin ətrafına da bir neçə hava zərbəsi endirib.
Livan Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, İsrail rejiminin Livana hücumları nəticəsində həlak olanların sayı 4 348 nəfərə, yaralananların sayı isə 12 307 nəfərə çatıb.