Türkiyə İsrailə dəstək verən şirkətlərin məhsullarını boykot edir
(last modified Wed, 08 Nov 2023 10:34:54 GMT )
Noy 08, 2023 14:34 Asia/Baku
  • Türkiyə İsrailə dəstək verən şirkətlərin məhsullarını boykot edir

Ankara Azərbaycan neftinin İsrailə nəqlini də dayandıracaqmı? - AKTUAL

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun göstərişi ilə İsrailə dəstək verən şirkətlərin məhsullarının TBMM şəhərciyindəki restoran, bufet və çayxanalarda satılmamasına qərar verilib.

Türkiyə Böyük Millət Məclisindən verilən bəyanatda TBMM-nin Qəzzədə günahsız insanları qətlə yetirən sionist rejimin hərbi cinayətlərinə dəstək verdiyini açıq şəkildə bəyan edən şirkətlərin məhsul və mallarını boykot etməyə qərar verdiyi bildirilib.

Bəyanatda qeyd edilib ki, TBMM sədri Numan Kurtulmuşun göstərişi ilə İsrailin Qəzzədə törətdiyi soyqırım cinayətinə dəstək verən şirkətlərin məhsulları Parlament şəhərciyindəki restoran, yeməkxana və çayxanalarda satılmayacaq.

Türkiyəli spikerin bu qərarı diqqət çəksə də, türk xalqının son günlər İsrail rejiminə qarşı böyük aksiyaları ilə müqayisədə zəif qərar kimi qiymətləndirilir.

Türkiyə xalqı öz aksiyalarında xunta rejimi ilə 10 milyardlıq ticarətə və Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsi ilə İsrailə nəqlinə son qoyulmasını tələb edir.

Bu arada Türkiyənin energetika naziri Alparslan Bayraktar İsraillə enerji layihələrinin davam etdirilməsinin mümkünlüyü ilə bağlı jurnalistlərin sualına cavabında bəyan edib ki, Türkiyə İsraillə enerji layihələrinin icrasını dayandırıb.

“Belə bir atmosferdə, bu qədər dəhşətin, insanlıq dramının yaşandığı ortamda hər hansı layihədən danışmaq bəşəriyyətə, oradakı qardaşlığımıza hörmətsizlik olar”, - deyə o qeyd edib.