Sionist araşdırmaçı Əliyevi təriflədi
Ariel Kohen: Azərbaycan kritik məqamda İsraili neftlə təmin etdi
Sionist araşdırmaçı bildirib ki, Azərbaycan kritik məqamda İsraili unutmadı, onun avtomobilləri və təyyarələrinin yanacağını təmin etdi
ABŞ-dakı Atlantika Şurasının eksperti, sionist Ariel Kohen Forbes jurnalı üçün qələmə aldığı məqalədə yazır: “Dünyəvi, lakin şiə-müsəlman ölkəsi olan Azərbaycan ilə İsrail arasında əlaqələr 7 oktyabrda HƏMAS-ın İsrailə qarşı hücumundan sonra da inkişaf edir. Misal üçün Azərbaycanın dövlət şirkəti olan SOCAR qaz hasilatı üçün Aralıq dənizinin şimalında yerləşən nəhəng Leviafan yatağında kəşfiyyat işləri aparacaq”.
Sionist ekspertin fikrincə, Azərbaycanın dövlət neft şirkətinə qaz kəşfiyyatı lisenziyasının verilməsi sadəcə biznes sövdələşməsi deyil. Bu, İsrail və Azərbaycan arasında sabit və artan əməkdaşlığın simvoludur.
Ariel Kohen iddia edir ki, bu tərəfdaşlıq təkcə İrandan gələn ümumi təhdidlərə əsaslanmır, həm də ümumi düşmənlərlə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsini genişləndirir.
Əliyev hakimiyyətini əməlli-başlı tərifləyən sionist analitik qeyd edir ki, Azərbaycanın şiə-müsəlman çoxluğuna və Ankara ilə sıx əlaqələrinə baxmayaraq, Bakı və İsrail Sovet İttifaqının dağılmasından bəri möhkəm dostluq münasibətlərini qoruyub saxlayıb. Dünyəvi təbiəti ilə seçilən Azərbaycan hökuməti 2022-ci ildə Təl-Əvivdə səfirlik açaraq diplomatik əlaqələri gücləndirib.
Sionist analitik sonra öz fitnəkar təhlilində Azərbaycanın ictimai fikrini İrana qarşı təhrik etməyə və onun əleyhinə saxta ittihamlar irəli sürməyə çalışıb. “Azərbaycanın İrana qarşı düşmənçiliyi İranın dünyəvi mahiyyətini rədd etməsindən, türk kimliyinə düşmənçilik etməsindən və 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanı dəstəkləməsindən irəli gəlir”, - deyə Ariel Kohenin məqaləsində iddia olunur.
Sionist ekspert Əliyevin müharibə şəraitində belə İsrailə neft tədarükünü kəsmədiyini vurğulayarq qeyd edir ki, hazırda Azərbaycan İsrailin neft tələbatının təxminən 40%-ni təmin edir, bu isə onun avtomobilləri və təyyarələri üçün kritik bir xilasetmə xəttidir və davamlı enerji tədarükləri tərəfdaşlığın strateji əhəmiyyətini göstərir.
Digər tərəfdən Azərbaycanın İranda İsrailin kəşfiyyat əməliyyatları üçün baza rolunu oynaya biləcəyi iddia edilir.