Gürcü spiker Avropa rəsmilərini qəbul etməyəcək
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tiflisdə avropalı rəsmilərlə görüşməyəcək. Bu barədə “Sputnik Georgia” məlumat yayıb.
“Mən onlara dedim ki, indi səfər üçün yaxşı vaxt deyil, çünki “Xarici agentlər haqqında" qanun layihəsinin üçüncü oxunuşu olacaq və hər halda bu, əsaslı söhbət üçün münasib zaman deyil. Təəssüf ki, onlar mənim tövsiyələrimi nəzərə almadılar”, - deyə Papuaşvili bildirib.
Qeyd edək ki, mayın 13-14-də Almaniya, Polşa, Çexiya və Baltikyanı ölkələrin parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin sədrləri Tiflisə gələcəklər.
Qərb agentlərinin fəaliyyətlərini məhdudlaşdıran “Xarici agentlər haqqında" qanun layihəsinin Gürcüstan parlamentində müzakirəsi ABŞ və Avropa ölkələri və qurumlarını narahat edir. Onlar bu layihənin müzakirəsinin qarşısını almaq üçün Gürcüstan hökumətinə qarşı tez-tez müdaxiləçi və təhdidedici bəyanatlar verirlər.