Paşinyan BMT-də: “Razılaşdırılanları imzalamaq lazımdır”
(last modified Sat, 28 Sep 2024 11:53:35 GMT )
Sen 28, 2024 15:53 Asia/Baku
  • Paşinyan BMT-də: “Razılaşdırılanları imzalamaq lazımdır”

Ermənistan və Azərbaycan arasında sülh nəinki mümkündür, həm də əlçatandır. Bu barədə BMT Baş Assambleyasında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

 

Paşinyan bildirib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və SSRİ dövründə mövcud olan sərhədlərinin toxunulmazlığını tanıyır. 

"Azərbaycan prezidenti və mən dəfələrlə bildirmişik ki, bu müqavilənin şərtlərinin ən az 80%-i razılaşdırılıb. Sülhə nail olmaq və qalan məsələlər üzrə danışıqları davam etdirmək üçün bu tarixi fürsətdən istifadə etmək və saziş layihəsində artıq razılaşdırılanları imzalamaq lazımdır", deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması qalan məsələlərin həllini asanlaşdıracaq.

"Biz diplomatik münasibətlər qurmalı və sülh müqaviləsinin həyata keçirilməsinin monitorinqi üçün birgə komissiya yaratmalıyıq. Bu, hökumətlərimiz və xalqlarımız arasında ümumi qavrayışı yaxşılaşdıracaq və qalan problemlərin həllinə şərait yaradacaq", deyə o, sözünə davam edib.

Ermənistan baş naziri qeyd edib ki, Ermənistanın konstitusiyası sülh müqaviləsinin imzalanması üçün maneə deyil və onda Azərbaycana qarşı ərazi iddiası yoxdur.

Kommunikasiyalar məsələsinə toxunan Paşinyan deyib ki, "Ermənistanın üçüncü qüvvələrin iştirakı ilə kommunikasiyaların təhlükəsizliyini təmin etməyə razılaşdığı haqqında iddialar həqiqətin təhrifidir. Bizim öhdəliyimiz öz ərazimizdə təhlükəsizliyi təmin etməkdən ibarətdir".

Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan da Nyu-Yorkda Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra Ermənistanın təklifinə qatıldığı anlamına gələn açıqlama verib:  

“Ümid edirəm ki, biz Azərbaycan və Ermənistan arasındakı bu hadisələri mərhələli şəkildə həll edə bilərik”,- Ərdoğan deyib.

Azərbaycan mediaları isə Paşinyanın BMT-dəki çıxışını məkirli hesab edirlər. Yeni Müsavat qəzeti bildirib ki, İrəvan “sülh planı” ilə Azərbaycana yeni savaş açıb. Qəzet bildirib ki, Azərbaycanın qəti mövqeyi belədir: Konstitusiya dəyişikliyi yoxdursa, sülh də yoxdur. Qəzet “Dəmir yumruq”-un həmişə olduğunu vurğulayaraq bu şərtin yerinə yetirilmədiyi təqdirdə Ermənistanı müharibə ilə hədələyib.