Qərb Gürcüstandakı seçkiləri uduzdu
(last modified Sun, 27 Oct 2024 05:50:27 GMT )
Okt 27, 2024 09:50 Asia/Baku
  • Qərb Gürcüstandakı seçkiləri uduzdu

“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 54 faiz səslə liderdir

 

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya qələbə əldə edib.

Bu məlumata əsasən, seçkilərin ilkin nəticəsi elan olunan kimi baş nazir İrakli Kobaxidze Gürcüstan əhalisinə müraciət edərək bildirib: “Bu qələbənin əsas müəllifi, şübhəsiz ki, gürcü xalqıdır. Bir milyondan çox həmvətənimiz səsverməyə çıxaraq sülhü, ölkəmizin həqiqətən də parlaq gələcəyini dəstəkləyib”.

Onun sözlərinə görə, Gürcü Arzusunun 12 illik hakimiyyəti dövründə heç bir gün asan olmayıb, lakin son 4 il xüsusilə çətin keçib.

Qeyd edək ki, Gürcüstan MSK-sının rəsmi açıqlamasına görə, seçici fəallığı 58,94% təşkil edib.

Səsvermə prosesi əsasən sakit və təhlükəsiz şəraitdə başa çatıb, bəzi hallarda insidentlər və texniki səhvlər də qeydə alınıb.

Gürcüstanda keçirilən parlament seçkilərində 18 partiya mübarizə aparırdı və əsas rəqabət Gürcü Arzusu və müxalif Milli Birlik Hərəkatı arasında gedirdi.

Bu arada müxalifətdə olan Milli Birlik Hərəkatı Gürcüstanda ötən gün keçirilən seçkilərin nəticələrini tanımadığını elan edib.

Bu barədə partiyanın rəhbəri Tinatin Bokuçava brifinqdə bildirib ki, oğurlanmış, qəsb edilmiş seçkilərin nəticələrini qəbul etməyəcəkdir.

İttihamlara cavab olaraq Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib ki, müxalifətin ölkədə çevriliş və ya inqilab etmək imkanı yoxdur.

Tiflis meri əlavə edib: “Bu gün müxalifət, bu radikal qrup məğlub olub. Əgər kimsə qanunsuz addımlar atmağa cəsarət etsə, dövlət tərəfindən çox sərt reaksiya olacaq”.