Azərbaycanda seçkisonrası dava başlandı
Müsavat Partiyası seçkilərin nəticəsini tanımır
Müsavat Partiyası yeni parlamentin legitimliyini tanımadığını və təkrar seçkilərin keçirilməsini tələb edib.
Müsavatın yaydığı bəyanatda deyilir: “Parlament seçkiləri demokratik mühitin olmadığı, demokratik qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının təmin edilmədiyi şəraitdə keçirildi. Seçki ərəfəsində ölkədə sərbəst toplaşma hüququ, söz və ifadə azadlığı təmin edilmədi, Müxalifətdə olan siyasi partiyalara, müstəqil ictimai təşkilatlara, jurnalistlərə, hakimiyyətin siyasətini tənqid edən sosial media istifadəçilərinə qarşı təzyiq və təqiblər davam etdi”.
Müsavat Partiyası nümayəndələrinin və müstəqil müşahidəçilərin məlumatına görə, seçkilərdə seçici fəallığı çox aşağı olub. Bəzi məntəqələrdə saatlarla heç bir seçici olmayıb. Səsvermə kütləvi pozuntularla, eyni şəxslərin çoxsaylı səslərilə, bülletenlərin atılması və müşahidəçilərə təzyiqlə müşayiət olunub.
İddia olunur ki, seçkilərin ilkin nəticələri yuxarıdan diqtə edilmiş uydurma rəqəmlərə uyğun olaraq elan edilib
Qeyd olunanları nəzərə alaraq, Müsavat Partiyası bildirir ki, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər “azad və ədalətli olmayıb”. Seçkilər beynəlxalq demokratik standartlara, hakimiyyətin Azərbaycan dövlətinin üzv olduğu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab verməyib. Ona görə də, Müsavat Partiyası azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsini əks etdirməyən seçkilər nəticəsində formalaşan Milli Məclisi legitim qanunverici orqan hesab etmir.
Bəyanatın sonunda qeyd olunur: “Müsavat Partiyası seçkilərin nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını, Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir”.