Rəsmi Bakı sülh üçün şərtini yenidən təkrarladı
(last modified Thu, 19 Sep 2024 14:30:00 GMT )
Sen 19, 2024 18:30 Asia/Baku
  • Rəsmi Bakı sülh üçün şərtini yenidən təkrarladı

Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəsinin Ermənistanla sülh müqaviləsi imzalaması üçün şərtini vurğulayıb.

 

“Sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməli və erməni xalqı da öz mövqeyini bildirməlidir. Erməni xalqı Qarabağın Ermənistana birləşdirilməsi kimi utopik iddialarına son qoyduğunu, Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusional əsasda ifadə etməlidir”,-Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.

O Ermənistanı sülh müqaviləsinin mətni üzrə öz təkliflərini gecikdirməkdə ittiham edib.

Sülh müqaviləsinin əksər hissələri üzrə müəyyən razılıqların olduğunu deyən Hikmət Hacıyev bunun kifayət etmədiyinə eyham vurub: " Gözləntimiz ondan ibarətdir ki, sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilsin və erməni xalqı da öz mövqeyini bildirsin",- Azərbaycan prezidentinin köməkçisi deyib.

Hikmət Hacıyev Ermənistanı Minsk qrupunu və onunla əlaqədar olan institutları buraxmağa da çağırıb.

Qeyd edək ki, Ermənistan rəhbərləri son günlər Azərbaycanla sülh müqaviləsinin 16 bəndindən 13-nun razılaşdırıldığını bildiriblər. Ermənistan razılaşdırılmış bəndlər üzrə sülh müqaviləsinin imzalanmasına çağırır. Azərbaycan Respublikası isə sülh müqaviləsinin bütün məsələləri əhatə etməsini istəyir.