SEPAH:
İki qayda pozan neft tankeri minaya düşərək partlayıb və hərəkətsiz qalıb
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda iki neft tankerinin minalanmış əraziyə daxil olduqdan sonra minaya düşərək partladığını və hərəkətsiz qaldığını bildirib.
Pars Today-nin Mehr xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı bəyanatda bildirib ki, iki neft tankeri minalanmış əraziyə daxil olduqdan sonra partlayaraq hərəkətsiz qalıb.
Bəyanatda deyilir:
“Qəhrəman və müqavimətli İran xalqı! Sizin meydandakı müqavimətiniz xalqlara ilham mənbəyi olub. Dünya xalqların oyanış prosesinin və cinayətkar hegemon qüvvələrin qarşısında imkanların getdikcə daralmasının şahididir.
ABŞ-ın terrorçu ordusu çərşənbə axşamı gecə müxtəlif ölkələrə qarşı təcavüzlər zamanı dəfələrlə həyata keçirdiyi qorxu ssenarisini təkrarladı. Belə ki, İran xalqını qorxutmaq, qəddarlıq və amansızlıq nümayiş etdirmək məqsədilə toy mərasiminə və evlənənlərə hücum etdi. Lakin onlar bilmirdilər ki, İran xalqı belə oyunlardan qorxacaq xalq deyil və artıq xalqların alçaldılması və təslim olması dövrü də geridə qalıb. Dünya oyanıb və bu əsr xalqların iradəsinin qalib gəldiyi əsr olacaq.
Şərəfli İran xalqına bildiririk ki, bir neçə saat əvvəl ABŞ ordusunun təhriki ilə ekipajlarını sahilə çıxaran və qanunsuz marşrutla hərəkət etmək üçün ABŞ-ın əlaltılarının ixtiyarına verilən iki qayda pozan neft tankeri minalanmış əraziyə daxil olaraq partlayıb və hərəkətsiz qalıb. Hazırda onlar yanır.
Bundan əvvəl SEPAH Hərbi Dəniz Qüvvələri minalanmış ərazidən keçməyin təhlükələri barədə xəbərdarlıq etmişdi. Bundan əlavə, qanuni marşrutla hərəkət etmək əvəzinə ABŞ-ın tələsinə düşən və gəmilərini düşmənin ixtiyarına verən dənizçilik şirkətləri üçün əlavə cəza tədbirləri də nəzərdə tutulub və bu tədbirlər yaxın vaxtlarda həyata keçiriləcək.”