Iranın BMT-dəki səfiri Təhlükəsizlik Şurasına:
İranın nüvə proqramına qarşı yenidən irəli sürülən ittihamların mahiyyəti texniki deyil
İran İslam Respublikasının BMT yanında səfiri və nümayəndəliyinin müvəqqəti işlər vəkili Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirib ki, İranın dinc məqsədli nüvə proqramına qarşı yenidən irəli sürülən ittihamlar texniki xarakter daşımır və siyasi mahiyyət daşıyır. O qeyd edib ki, 2231 saylı qətnamənin müddəti başa çatıb, İranın nüvə məsələsinə baxılması yekunlaşıb və nüvə silahlarının yayılmaması məsələsi də Şuranın gündəliyindən çıxarılıb.
“Pars Today” xəbər verir ki, İranın BMT yanında səfiri və nümayəndəliyinin müavini Qulam Hüseyn Dərzi bu ay – sentyabrda – BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransanın BMT-dəki daimi nümayəndəsinə göndərdiyi məktubda Şuranın İranla bağlı iclasına münasibət bildirib.
Dərzi qeyd edib ki, “1737 saylı Komitənin fəaliyyəti” adlandırılan məsələ ilə bağlı iclas Təhlükəsizlik Şurasının prosedur və səlahiyyətlərindən açıq şəkildə sui-istifadə edilməsidir.
O vurğulayıb: “İranın mövqeyi aydın, ardıcıl və rəsmi şəkildə, o cümlədən İranın BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı rəsmi məktublarda öz əksini tapıb. 2231 saylı qətnamənin qüvvəsi 18 oktyabr 2025-ci ildə başa çatıb. Həmin tarixdən etibarən nüvə məsələsi ilə bağlı bütün müddəalar, tədbirlər və məhdudiyyətlər birdəfəlik başa çatıb; Təhlükəsizlik Şurası İranın nüvə məsələsinə baxılmasını yekunlaşdırıb və “yayılmama” məsələsi də Şuranın gündəliyindən çıxarılıb.”
Dərzi əlavə edib: “Bundan başqa, ‘sanksiyaların avtomatik bərpası’ (Snapback) mexanizmi üç Avropa ölkəsi (E3) tərəfindən heç vaxt işə salınmayıb. Çünki həmin ölkələrin bu mexanizmə müraciət etmək üçün zəruri hüquqi statusu yox idi. Onlar BƏƏP və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi üzrə öhdəliklərini yerinə yetirməmişdilər.”