İsrailin yeni cinayəti; Cəbaliyyə düşərgəsində yaşayış məntəqəsinin bombalanması nəticəsində kütləvi qırğın
Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü bildirib ki, Qəzza zolağının şimalında yerləşən Cəbaliyyə düşərgəsində yaşayış məntəqəsinin vəhşicəsinə bombalanması nəticəsində yüzlərlə fələstinli şəhid olub və yaralanıb.
İRNA-nın “Fələstinin Əl-Yəvm” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əşrəf əl-Qədərə bu barədə deyib: “Bu vəhşi hücumda yaralananlar “İndoneziya” xəstəxanasına yerləşdirilib. Yüzlərlə insan hələ də işğalçı rejimin təyyarələrinin bombaladığı binaların dağıntıları altındadır.”
Səhiyyə Nazirliyinin mətbuat katibi əlavə edib: “Cəbaliyyə düşərgəsindəki son qırğından sonra “İndoneziya” xəstəxanasında vəziyyət tamamilə fəlakətlidir. Bu cinayətin qurbanlarının sayı Əl-Mamadani xəstəxanasına hücumun qurbanlarının sayına qədər arta bilər.”
Qəzzadakı Fələstin Daxili İşlər Nazirliyi də Cəbaliyyə düşərgəsində törədilən qırğında 400 nəfərin şəhid olduğunu və yaralandığını bildirib, bu cinayətin qurbanlarının əksəriyyətinin qadın və uşaqlar olduğunu vurğulayıb.
Nazirlik həmçinin bildirib: “Sionist rejim bu məhəlləni hər birinin çəkisi 1 ton olan 6 bomba ilə bombalayıb, nəticədə Cəbaliyyə düşərgəsinin mərkəzindəki yaşayış məhəlləsi tamamilə dağılıb.”