Fələstin tərəfdarları qlobal tətilə çağırır
Fələstinli fəallar və tərəfdarlar virtual məkanda və sosial şəbəkələrdə çağırışlar dərc etməklə, fələstinlilərə dəstək üçün qlobal tətilə və Qəzza zolağında atəşkəsə çağırıblar.
İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, Böyük Fələstin qruplarının koalisiyası olan “Milli və İslami Qüvvələr” çağırış edərək, İordan çayının qərb sahili sakinlərindən və dünyadakı müxtəlif qruplardan bazar ertəsi tətil etməyi istəyib.
Koalisiyanın bəyanatında deyilir: “Dünyadakı bütün tərəfdarların nüfuzlu şəxslərin iştirakı ilə başlanan bu beynəlxalq hərəkata qatılacağını gözləyirik. Bu hərəkat Qəzzada açıq soyqırıma, etnik təmizləməyə və İordan çayının qərb sahilində müstəmləkəçi qəsəbələrin salınmasına qarşıdır.”
“Bu tətil həm də Fələstin xalqının milli və ədalətli işini sarsıtmaq cəhdlərinə qarşı keçirilir”-deyə, bəyanatda vurğulanır.
Koalisiya İsrailin Qəzzada amansız bombardmanları altında olan qadınlar, uşaqlar və qocalarla həmrəylik ifadə etmək üçün dünyanın hər yerindən insanları tətil və etiraz aksiyalarına qoşulmağa çağırıb.
Dünyanın hər yerində bir sıra fəallar da sosial şəbəkələrdə insanları bu tətilə qoşulmağa dəvət ediblər.