Paşinyan: KTMT-yə düşünmək üçün vaxt veririk!
(last modified Thu, 16 Nov 2023 11:24:13 GMT )
Noy 16, 2023 15:24 Asia/Baku
  • Paşinyan: KTMT-yə düşünmək üçün vaxt veririk!

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 15-də parlamentdə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantılarında iştirak etməməsinin səbəblərindən danışıb.

O deyib ki, Ermənistan KTMT-nin iclasında iştirakdan imtina etməyib, müxtəlif səbəblərdən iştirak etməmək qərarına gəlib.

Paşinyan onu qeyd edib ki, KTMT mövcud öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab verməyib və bu, bir neçə dəfə təkrarlanıb.

Onun sözlərinə görə, KTMT Ermənistanda öz məsuliyyət sahəsini müəyyən etməkdən imtina edir.

Bununla belə baş nazir KTMT-dən çıxmaq üçün zəmin hazırlamadığını iddia edib.

Ermənistanın baş naziri həmçinin yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtardıqlarını da dilə gətirib:

“Hazırda hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər siyasi kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyiləm, əks halda bu, uyğunsuzluğa səbəb olacaq”, - deyə Paşintan vurğulayıb.

Xatırladaq ki, Ermənistanın baş naziri KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.

Nikol Paşinyan bu haqda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında bildirib.