MM-in yeni komissiyası birmənalı qarşılanmadı
(last modified Fri, 04 Oct 2024 16:28:15 GMT )
Okt 04, 2024 20:28 Asia/Baku
  • MM-in yeni komissiyası birmənalı qarşılanmadı

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sentyabrın 23-də parlamentdəki çıxışında ölkəyə qarşı xarici təhdidlərin olduğuna dair bəyanatından sonra Milli Məclisdə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb. Cəmiyyətin bu mövzuya münasibəti isə birmənalı olmayıb.

Sentyabrın 30-da Milli Məclisdə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın yaradılmasına qərar verilib. Komissiyanın sədri deputat Ramid Namazov təyin edilib.

Komissiya xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatlar və həmin müdaxilələrin qarşını alması üçün təkliflər hazırlayacaq.

“Turan”ın yazdığına görə, komissiya xarici müdaxilələr və hibrid təhdidlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatlar verə, zəruri hallarda müvafiq istiqamətlər üzrə ictimai dinləmələr keçirməyə, aidiyyəti icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlıq əlaqələri qura, komitələrin qanun layihələrinə dair müvafiq müzakirələrində iştirak edə bilər.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı belə qənaətdədir ki, Azərbaycan iqtidarı bu komissiyanı yaradanda məqsədi heç də milli təhlükəsizlikdən irəli gəlmir. Onun fikrincə Məqsəd hakimiyyəti möhkəmləndirib və ötürməkdir”.

Ekspert hesab edir ki, avtoritar rejimlər artıq texnologiyaları əllərində alətə çeviriblər:

“Sosial şəbəkələri nəzarətdə saxlamaqla müxtəlif vasitələrə əl atırlar, həmçinin İsraildən aldıqları avadanlıqlarla özlərinə müxalif şəxslərı, siyasi fəalları dinləmək üçün istifadə edirlər. Yəni daha çox daxili siyasətdə istifadə edirlər. Hazırda dünyada rəqəmsal avtoritarizm genişlənib. Yəni ölkədə kibercinayət adı ilə ört-basdır edərək insanları total nəzarətə götürürlər. Azərbaycan avtoritarizmi də sərt forma alır və Çinlə əməkdaşlığı gücləndirməklə rəqəmsal avtoritarizmə doğru gedir”,-Azər Qasımlı deyib. Ekspertə görə Milli Məclisdə belə komissiyaya müvəqqəti adı vermək gözdən pərdə asmaqdır”.

Demokratik Qüvvələrin Milli Şurasının beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli isə hesab edir ki, “parlamentdə müzakirəyə çıxarılan təhlükələr milli maraqlardan daha çox hakimiyyətin öz maraqları ilə bağlı olacaq”. Gültəkin Hacıbəyliyə görə, qərb ölkələri və qurumları tərəfindən Azərbaycan hökumətinə qarşı demokratiya və insan haqları ilə bağlı gün-gündən artan təzyiqlər belə bir qərarın verilməsində əsas rola malikdir.

“Hakimiyyət də anlayır ki, artıq rejimə qarşı sanksiyalar gündəmə gələ bilər. Ona görə bu komissiya ölkənin maraqlarına təhdid kimi təqdim etmək məqsədi ilə yaradılıb”, – deyə Hacıbəyli qeyd edib.