İran Ukraynadan təzminat tələb edir
https://parstoday.ir/azeri/news/iran-i14044-İran_ukraynadan_təzminat_tələb_edir
İranın Rusiyadakı səfiri Kazım Cəlali Ukraynanın İranın “Anna” adlı gəmisinə Xəzər dənizində həyata keçirdiyi hücumu terror aktı və cinayət əməli adlandıraraq, Tehranın Kiyev hökumətindən dəymiş ziyanın ödənilməsini və hadisə nəticəsində zərərçəkənlərə təzminat verilməsini tələb etdiyini bildirib
(last modified 2026-08-19T13:09:59+00:00 )
Avq 19, 2026 17:06 Asia/Baku
  • İran Ukraynadan təzminat tələb edir

İranın Rusiyadakı səfiri Kazım Cəlali Ukraynanın İranın “Anna” adlı gəmisinə Xəzər dənizində həyata keçirdiyi hücumu terror aktı və cinayət əməli adlandıraraq, Tehranın Kiyev hökumətindən dəymiş ziyanın ödənilməsini və hadisə nəticəsində zərərçəkənlərə təzminat verilməsini tələb etdiyini bildirib

 

Parstoday-ın məlumatına görə, İranın Rusiyadakı səfiri Kazım Cəlali çərşənbə günü “RİA Novosti”yə müsahibəsində “Tehran Kiyevə Avropa ölkələri və ABŞ tərəfindən göstərilən dəstəyi nəzərə alaraq, İran gəmisinə hücumla bağlı onlardan hansı addımları gözləyir?” sualını cavablandırarkən bildirib:

“Ukraynanın İran gəmisinə hücumu terror aktı və cinayət əməli hesab olunur. Bu hücum nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Bu, İran bayrağı altında üzən, mülki və kommersiya yükü daşıyan gəmiyə qəsdən edilmiş hücumdur.”

O, xatırladıb ki, İranın xarici işlər naziri telefon danışığı zamanı Rusiyanın xarici işlər naziri və Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi ilə hadisənin müxtəlif aspektlərini müzakirə edib. Ukraynanın xarici işlər naziri də Abbas Əraqçi ilə telefon danışığı zamanı üzrxahlığını bildirib və hadisə ilə bağlı izahat verib.

İranlı diplomat vurğulayıb ki, Ukraynanın Avropa və ABŞ-dakı tərəfdarları da Kiyevin hərəkətlərinə görə öz məsuliyyətlərini qəbul etməli və Ukraynanı məsuliyyətə cəlb etməlidirlər.

İranın Rusiyadakı səfiri bildirib ki, Ukrayna rəsmiləri Xəzər dənizində İranın “Anna” adlı kommersiya gəmisinə qarşı terror hücumunun məsuliyyətini qəbul edib və gələcəkdə İran gəmilərinə qarşı belə hücumların təkrarlanmayacağını vurğulayıblar.

Cəlali İrana qarşı bu hücumla bağlı Tehran rəsmilərinin cavab tədbiri görmək hüququnu saxladığını nəzərə alaraq, mümkün cavabın necə olacağı barədə suala cavabında deyib:

“İran bu mərhələdə Ukrayna hökumətindən dəymiş ziyanın ödənilməsini və hadisə nəticəsində zərərçəkənlərə kompensasiya verilməsini tələb edir.”

İranın Moskva şəhərindəki səfiri Ukraynanın zərər görmüş İran gəmisinə görə kompensasiya ödəməyə hazır olub-olmadığı barədə suala isə belə cavab verib:

“Bu məsələ ilə bağlı danışıqlar davam edir və ümid edirik ki, nəticə əldə olunacaq.”

İRNA-nın məlumatına görə, özəl şirkətə məxsus İranın “Anna” gəmisi 3 mordad 1405-ci il (25 iyul 2026-cı il), şənbə günü Xəzər dənizində Ukraynanın pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Mülki gəmi rulon şəklində qablaşdırılmış dəmir təbəqə yükü daşıyırdı.

İranın Həştərxandakı baş konsulu Əhməd Heydəriyanın sözlərinə görə, gəmidə 9 İran və 2 Hindistan vətəndaşı olmaqla, ümumilikdə 11 nəfər olub. Gəmi vətənə qayıdarkən pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hücum nəticəsində bir iranlı dənizçi həlak olub, ekipajın bir neçə üzvü isə yaralanıb.