Tramp administrasiyasının İran müharibəsi ilə bağlı ilk gündən heç bir strategiyası olmayıb
https://parstoday.ir/azeri/news/iran-i14058-tramp_administrasiyasının_İran_müharibəsi_ilə_bağlı_ilk_gündən_heç_bir_strategiyası_olmayıb
ABŞ Konqresinin demokrat üzvü Ceyson Krou Donald Tramp administrasiyasının İranla müharibədəki fəaliyyətini kəskin tənqid edərək bildirib ki, prezident, müdafiə naziri və maliyyə naziri də daxil olmaqla, hökumət rəsmilərinin müharibədə qələbə qazanmaq üçün heç bir aydın strategiyası yoxdur
(last modified 2026-08-21T06:30:33+00:00 )
Avq 21, 2026 10:26 Asia/Baku
  • Tramp administrasiyasının İran müharibəsi ilə bağlı ilk gündən heç bir strategiyası olmayıb

ABŞ Konqresinin demokrat üzvü Ceyson Krou Donald Tramp administrasiyasının İranla müharibədəki fəaliyyətini kəskin tənqid edərək bildirib ki, prezident, müdafiə naziri və maliyyə naziri də daxil olmaqla, hökumət rəsmilərinin müharibədə qələbə qazanmaq üçün heç bir aydın strategiyası yoxdur

Parstoday-in MS NOW-a istinadən verdiyi xəbərə görə, ABŞ Nümayəndələr Palatasının demokrat üzvü və ölkə ordusunun keçmiş hərbçisi Ceyson Krou televiziya müsahibəsində ABŞ-ın maliyyə naziri Skott Besentin müharibənin nə vaxt başa çatacağının məlum olmadığı barədə son açıqlamalarına toxunaraq, bunu Tramp administrasiyasında strategiyanın olmamasının göstəricisi kimi qiymətləndirib.

Krou bildirib: “Mən düşünmürəm ki, məsələ yalnız Besentlə bağlıdır. Pit Heqsetdən tutmuş Skott Besentə və Donald Trampa qədər onların bu müharibəni necə qazanacaqları barədə heç bir təsəvvürləri yoxdur və ilk gündən heç bir strategiyaları olmayıb.”

Demokrat konqresmen daha sonra ABŞ Konqresini müharibənin başa çatdırılmasında ən mühüm aktor adlandırıb və bildirib ki, ABŞ Konstitusiyası belə böyük səlahiyyətin bir prezidentin əlində cəmləşməməsi üçün müharibə elan etmək və onun maliyyələşdirilməsi səlahiyyətini qəsdən Konqresə verib.

O əlavə edib: “Əgər insanlar müharibənin nə vaxt başa çatacağını bilmirlərsə, bunun səbəbi Konqresin hələ də bu müharibəyə son qoymamasıdır.”

Krou ABŞ ictimaiyyətinin əhəmiyyətli hissəsinin müharibənin davam etdirilməsinə qarşı olduğunu vurğulayaraq xatırladıb ki, Donald Tramp da seçki kampaniyası zamanı Yaxın Şərqdəki “sonsuz münaqişələrə” son qoyacağını vəd etmişdi.

ABŞ konqresmeni qeyd edib ki, Konqres müharibəyə son qoyulması ilə bağlı səsvermə keçirə bilər və Tramp belə bir qərara məhəl qoymasa, Konqresin müharibənin maliyyələşdirilməsini dayandırmaq səlahiyyəti var.

Krou həmçinin “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin San-Diyeqoya qayıtmasına toxunaraq bildirib ki, gəmidə təxminən 5 min hərbçi xidmət edir. Onun sözlərinə görə, hərbçilər geri qayıtdıqdan sonra xidmət şəraiti və qarşılaşdıqları problemlərlə bağlı təcrübələrini ailələri və dostları ilə bölüşəcəklər.

O hesab edir ki, bu təcrübələrin ictimaiyyətə çatdırılması ABŞ cəmiyyətinin müharibəyə münasibətinə təsir göstərə bilər. Krou bunu Vyetnam müharibəsi dövründə baş verənlərlə müqayisə edib. Onun sözlərinə görə, ABŞ əsgərləri Vyetnamdan qayıtdıqdan və insanlar onların müharibə ilə bağlı birbaşa şahidliklərini eşitdikdən sonra müharibəyə ictimai dəstək azalmışdı.

Krou sonda mövcud vəziyyətin hökumətin səriştəsizliyinin nəticəsi olduğunu bildirib və Tramp administrasiyasının fəaliyyətinin ABŞ hərbçilərini lazımi dəstək və imkanlara malik olmadan çətin missiyaları yerinə yetirmək məcburiyyətində qoyduğunu vurğulayıb.