İranın BMT-dəki səfiri:
ABŞ-ın toy mərasiminə hücumu müharibə cinayətidir
İranın BMT-dəki səfiri və nümayəndə heyəti rəhbərinin müavini ABŞ-ın İranın cənubundakı Hörmüzqan vilayətində toy mərasiminə qarşı həyata keçirdiyi hücumu pisləyib. O, hücumu müharibə cinayəti və beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.
PARS Today-nin məlumatına görə, İran İslam Respublikasının BMT-dəki səfiri və nümayəndə heyəti rəhbərinin müavini Qulam-Hüseyn Dərzi çərşənbə günü BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirib ki, 11 şəhrivər 1405-ci il, yəni 1 sentyabr 2026-cı il axşamı ABŞ İranın cənubundakı bir neçə şəhərə qarşı növbəti təcavüz və hərbi hücum dalğasına başlayıb. Hücum zamanı Hörmüzqan vilayətinin Sirik rayonunun Kuhestək şəhərində toy mərasiminin keçirildiyi yaşayış evlərindən biri hədəfə alınıb.
İranın BMT-dəki yüksək səviyyəli diplomatı bildirib ki, bu dəhşətli cinayət nəticəsində 4 mülki şəxs, o cümlədən 4 yaşlı uşaq həlak olub, 70-dən çox mülki şəxs yaralanıb. İran İslam Respublikası bu vəhşicəsinə və dəhşətli cinayəti qətiyyətlə pisləyir. Mülki şəxslərin, o cümlədən uşaqların qəsdən hədəfə alınması və öldürülməsi beynəlxalq humanitar hüququn fundamental qaydalarının kobud şəkildə pozulmasıdır və müharibə cinayəti hesab olunur.
Məktubda vurğulanıb ki, mülki şəxslərin, xüsusilə uşaqların qəsdən və ayrı-seçkilik qoyulmadan qətlə yetirilməsi, eləcə də beynəlxalq hüquqi nizamın əsaslarına zərbə vuran mülki infrastrukturun dağıdılması normallaşdırıla və ya sadəcə “yan zərər” kimi əsaslandırıla bilməz. Mülki şəxslərin müdafiəsi beynəlxalq hüquqa əsasən məcburi öhdəlikdir və bu öhdəliyin ciddi və qəsdən pozulması beynəlxalq hüquqa əsasən müharibə cinayəti sayılır.
Dərzi qeyd edib ki, ABŞ, eləcə də bu cür pozuntuların və ABŞ-ın digər qanunsuz əməllərinin törədilməsinə və ya həyata keçirilməsinə hər hansı formada kömək edən, yardım göstərən, dəstək verən və ya iştirak edən hər bir dövlət və ya tərəf İran xalqına vurulan genişmiqyaslı zərər və itkilər də daxil olmaqla, bu qanunsuz beynəlxalq əməllərin ağır nəticələrinə görə məsuliyyət daşıyacaq.
Məktubda qeyd olunub ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İran İslam Respublikası BMT-nin baş katibindən və Təhlükəsizlik Şurasının sədrindən BMT Nizamnaməsinə əsasən üzərlərinə düşən məsuliyyətləri yerinə yetirmələrini, ABŞ-ın İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzkar əməllərini — BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulmasını — qətiyyətlə pisləmələrini və onların dərhal dayandırılmasını tələb etmələrini bir daha xahiş edib.