İran səfiri:
region ölkələri belə bir sui-qəsd planına imkan verməyəcəklər
İranın Azərbaycandakı səfiri Müctəba Dəmircilo ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycanın İrana qarşı ABŞ tədbirlərinə yardım etdiyi barədə açıqlamasını tənqid edib. O, bu cür iddiaları ABŞ və İsrailin Cənubi Qafqaz və Xəzər regionunda gərginlik yaratmaq cəhdlərinin göstəricisi adlandırıb
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmircilo, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İranla bağlı son açıqlamalarına reaksiya verib. Vens bəzi ölkələrin, o cümlədən Azərbaycanın ABŞ-ın İrana qarşı həyata keçirdiyi tədbirlərə yardım etdiyini bildirmişdi.
Dəmircilo bu açıqlamaları «təcavüzkar və tamahkar ABŞ rejiminin, eləcə də işğalçı sionistlərin Cənubi Qafqazda və Xəzər dənizi regionunda gərginlik yaratmaq üçün həyata keçirdikləri hiyləgər plan və cəhdlərin göstəricisi» kimi qiymətləndirib.
O əlavə edib: «Şübhəsiz ki, region ölkələri belə bir sui-qəsd planına imkan verməyəcəklər və bu, onların sayıqlığının və uzaqgörənliyinin göstəricisidir.»
ABŞ-ın vitse-prezidenti Cey Di Vens son açıqlamalarında Azərbaycanın, Türkiyənin və Körfəz ölkələrinin ticarət gəmilərinə qarşı hücumlara cavab olaraq İrana “cəzalandırmaq” məqsədilə ABŞ-a kömək etdiyini iddia etmişdi.