Ərdoğan İslam dünyasını İsrailin Qəzzədə törətdiyi soyqırımına qarşı birləşməyə çağırıb
Türkiyə prezidenti İslam dünyasının fikir ayrılıqlarını bir kənara qoyaraq, İsrail rejiminin təcavüzünə qarşı haqlı mübarizədə Fələstin və Livan xalqlarına dəstək olmaq üçün birləşməsinə kritik ehtiyac olduğunu vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan bazar ertəsi İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 40-cı sessiyasının açılış mərasimindəki çıxışında Qəzzədə əsrin ən amansız soyqırımlarından birinin baş verdiyini bəyan edərək, vurğulayıb ki, İslam dünyasının fikir ayrılıqlarını bir kənara qoyub, Fələstin və Livan xalqlarına dəstək olması böyük əhəmiyyət kəsb edir.
Türkiyə lideri bildirib ki, sionist rejim və onun havadarları 13 ay ərzində hər cür zülm və soyqırımı törədiblər, lakin fələstinliləri təslim edə bilməyiblər.
Ərdoğan əlavə edib: "Sionistlərin Qəzzə və Livana təcavüzünə ən yaxşı cavablardan biri Fələstin dövlətinin daha çox ölkə tərəfindən tanınmasıdır".