Rusiya Qarabağ ermənilərinin qayıtması məsələsini qaldırdı
Rusiya hökuməti bildirir ki, ermənilərin Qarabağa qayıtması Bakı ilə İrəvan arasında barışıq üçün prinsipial əhəmiyyət kəsb edir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə deyib ki, Moskva Dağlıq Qarabağ ermənilərinin geri qaytarılması prosesini hər cür dəstəkləməyə sadiqdir və Azərbaycan prezidentinin yüksək vəzifəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarına, təhlükəsizliyinə və iqtisadi rifahına verilən təminatlarla bağlı bu yaxınlarda verdiyi bəyanatını alqışlayır.
Digər bir məlumata əsasən Zaxarova "Nyus.ru" portalına müsahibəsində Qərbin Ermənistanda fitnəkarlıqla məşğul olduğunu söyləyib.
O deyib ki, Qərb Ukraynadakı siyasəti iflasa uğradıqdan sonra Ermənistandan yapışıb.
“Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb, onu Rusiyadan qoparmağa çalışır”, - deyə Zaxarova qeyd edib.
Diplomat vurğulayıb: “Rəsmi Moskva Ermənistan rəhbərliyinin son addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu “eyni zəncirin halqaları” kimi nəzərdən keçirir. “Amma mənə elə gəlir ki, bu, əsarət zənciridir”.