İran müdafiə naziri:
Müdafiə qüdrətimiz müharibə üçün deyil, təcavüzün qarşısını almaq üçündür
İran müdafiə nazirinin səlahiyyətlərini icra edən general-mayor Seyid Məcid İbn ər-Rza bildirib ki, İranın müdafiə qüdrəti müharibə və təcavüz məqsədi daşımır, əsas məqsəd ölkənin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq və mümkün təcavüzlərin qarşısını almaqdır
«Pars Today» xəbər verir ki, müdafiə nazirinin səlahiyyətlərini icra edən general-mayor Seyid Məcid İbn ər-Rza bu gün Müdafiə Sənayesi Günü münasibətilə Tehranın İmam Xomeyni (ə) adına məscidində keçirilən bu həftənin cümə namazının xütbələrindən əvvəl çıxış edib.
O, Ramazan müharibəsində şəhid olanların, xüsusilə “Ümmətin şəhid rəhbəri”nin, həmçinin müdafiə sənayesi şəhidləri və ölkənin son iki müharibədə şəhid olmuş komandirlərinin xatirəsini yad edərək bildirib: “Müdafiə sənayesi bu gün İslam Respublikası quruluşunda elm və texnologiyanın, yaradıcılığın, imanın, müstəqilliyin və bir millətin iradəsinin təcəssümüdür. Müdafiə sənayesində gördüyümüz imkanlar aysberqə bənzəyir və onun böyük hissəsi səthin altında yerləşir.”
O əlavə edib: “Universitetlər, elmi və tədqiqat laboratoriyaları, bilik əsaslı şirkətlər, alimlər, mühəndislər, fəhlələr, mütəxəssislər və bu gün İranın təhlükəsizliyini və qüdrətini qorumaq üçün gecə-gündüz çalışan minlərlə iranlı gənc ölkənin müdafiə sənayesinin yalnız bir hissəsini təşkil edir.”
Müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs ölkədə təhlükəsizliyin əhəmiyyətinə toxunaraq vurğulayıb: “Bu gün təhlükəsizlik cəmiyyətin mühüm məsələlərinin əsasını təşkil edir. Cəmiyyət və ailələr yalnız lazımi təhlükəsizliyə malik olduqları zaman rahat yaşaya bilərlər. Şagirdlər təhlükəsiz mühitdə olduqları zaman rahat şəkildə təhsil ala, universitet isə ölkədə lazımi sabitlik və təhlükəsizlik təmin edildikdə zəruri araşdırma və tədqiqatları həyata keçirə bilər. Buna görə də təhlükəsizlik hər bir ölkədə inkişafın əsas şərtidir.”
Sərdar İbn ər-Rza qeyd edib ki, təhlükəsizlik olmazsa, iqtisadiyyat zərər görəcək, investisiyalar azalacaq, elm və texnologiya problemlərlə üzləşəcək və insanların rahatlığı pozulacaq. Buna görə də müdafiə qabiliyyəti və müdafiə sənayesi bu gün milli təhlükəsizliyin mühüm dayaqlarından və çəkindirmə gücünün əsas komponentlərindən biridir.
O vurğulayıb: “İranın bugünkü müdafiə qüdrəti müharibə aparmaq üçün deyil, müharibənin və təcavüzün qarşısını almaq üçündür. Biz heç vaxt heç bir ölkəyə qarşı təcavüzə başlayan tərəf olmamışıq və olmayacağıq. Biz hərbi təcavüz tərəfdarı deyilik, lakin ölkəmizin ərazisinə, müstəqilliyinə və təhlükəsizliyinə qarşı hər hansı hərbi təcavüzə də imkan verməyəcəyik.”