İran Xarici İşlər Nazirliyinin sözçüsü
: ABŞ-ın iqtisadi sanksiyaları bütün dövlətlərin suverenliyinə təhdiddir
İsmayıl Bəqai ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalarını tənqid edərək bildirib ki, bu addım təkcə İrana qarşı qanunsuz “iqtisadi müharibə” deyil, həm də BMT-yə üzv müstəqil dövlətlərin suverenliyinə müdaxilə cəhdidir
ABŞ-ın İrana qarşı iqtisadi müharibəsi bütün ölkələrin milli suverenliyinin pozulması və bütün hökumətlərə qarşı müharibə elan edilməsidir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsinə münasibət bildirərək X sosial şəbəkəsində yazıb:
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi yalnız bir ölkəyə qarşı qanunsuz «iqtisadi müharibə»nin davamından çox-çox kənara çıxır. Bu addım BMT-yə üzv olan bütün müstəqil dövlətlər üzərində ABŞ-ın ekstraterritorial suverenliyini tətbiq etmək cəhdi kimi qiymətləndirilir.
Heç bir dövlət xarici bankları, şirkətləri və ya hava limanlarını – onların hər biri öz dövlətinin müstəsna yurisdiksiyası altında olduğu halda – üçüncü ölkə ilə qanuni ticarətdən imtina etməyə məcbur etmək hüququna malik deyil.
Belə ikinci dərəcəli sanksiyaların beynəlxalq hüquqda heç bir əsası yoxdur. Bu sanksiyalar BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndində təsbit edilmiş dövlətlərin suveren bərabərliyi kimi fundamental prinsipi pozur və Beynəlxalq Ədalət Məhkəməsinin Nikaraqua işi üzrə təsdiqlədiyi dövlətlərin daxili işlərinə müdaxilənin adət hüququ ilə müəyyən edilmiş qadağasını tapdalayır. Müstəqil dövləti qanuni siyasi seçimlərini dəyişməyə məcbur etmək məqsədi daşıyan iqtisadi təhdid beynəlxalq hüquq pozuntusu və qanunsuz əməldir.
Bu sanksiyalar özü təcavüz aktı olan dəniz blokadası ilə müşayiət edildikdə, digər dövlətlərin suverenliyi və hakimiyyəti başqa bir gücün iradəsindən asılı, müvəqqəti və şərti bir anlayışa çevrilir. Belə açıq təhdidlərə tabe olmaq heç bir dövlətə toxunulmazlıq qazandırmayacaq. Əksinə, bu, xarici dövlətin suverenliyini üstün tutmaq və digər ölkələrin banklarının, iqtisadi qurumlarının və hava limanlarının qanuni fəaliyyətinə xarici tərəfin hökmranlığını qəbul etmək demək olacaq.
Bu vəziyyətin son nəticəsi BMT Nizamnaməsinə əsaslanan dövlətlərarası münasibətlər sisteminin fundamental prinsipi olan milli suverenliyin tamamilə aşınması və fəlakətli şəkildə açıq və hərtərəfli müstəmləkəçiliyə qayıdışın başlanğıcı olacaq.