HƏMAS:
İsrail rejimi Qəzza xalqını köçürmək planından əl çəkməyib
Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS İsrail rejiminin Qəzza zolağında strateji planlarının iflasa uğradığını vurğulayaraq bildirib ki, Təl-Əviv hələ də Qəzza əhalisini bu bölgədən çıxarmaq planından əl çəkməyib
Pars Today-nin məlumatına görə, Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın sözçüsü Hazim Qasim İsrail rejiminin nazirlərinin Fələstin xalqının Qəzza zolağından çıxarılmasına yönəlmiş planlara dəstəyin davam etdirilməsi ilə bağlı açıqlamalarının artmasını çox təhlükəli hal kimi qiymətləndirib. O bildirib ki, bu açıqlamalar işğalçı rejimin sözügedən plandan əl çəkmədiyini və siyasi və seçki hesablamalarına xidmət etmək məqsədilə bu planı yenidən gündəmə gətirməyə və təbliğ etməyə çalışdığını göstərir.
Qasim vurğulayıb ki, bu açıqlamalar İsrail rejiminin Qəzza zolağına qarşı müharibəni davam etdirməsinin, mühasirəni daha da sərtləşdirməsinin, əhaliyə qarşı aclıq və susuzluq siyasəti yürütməsinin, yenidənqurma prosesinə mane olmasının, səhiyyə və tibbi xidmət sektoru üçün zəruri material və avadanlıqların Qəzzaya daxil olmasının qarşısını almasının səbəblərini aydın şəkildə göstərir. O qeyd edib ki, bütün bu addımlar ağır humanitar və yaşayış şəraitini məcburən qəbul etdirmək və vəziyyəti məcburi köç planlarının həyata keçirilməsi istiqamətinə sürükləmək məqsədi daşıyır.
HƏMAS sözçüsü ərəb və İslam ölkələrini bu planlara qarşı ciddi və vahid şəkildə hərəkətə keçməyə, onların qarşısını almaq üçün təsirli mövqe və tədbirlər ortaya qoymağa çağırıb.
Qasim sonda vurğulayıb ki, ərəb və İslam ölkələrinin vahid, qətiyyətli və koordinasiyalı mövqe nümayiş etdirməsi işğalçı rejimin Fələstin xalqını öz torpaqlarından köçürmək planlarının qarşısını almağa imkan verə bilər.