İŞİD Kabildəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Kabilin (Əfqanıstanın paytaxtı) şərqində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
İŞİD Kabilin şərqində avtomobili hədəf alan və azı 3 nəfərin ölümü ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Aran Radiosu xəbər verir ki, bu barədə Kabil polisinin sözçüsü Xalid Zadran məlumat yayıb.
Məlumata əsasən, İŞİD qruplaşması öz Teleqram kanalında "Polçarxi” həbsxanasının əməkdaşlarını daşıyan avtomobilə partlayıcı yerləşdirdiyini etiraf edib.
Bu, son günlər İŞİD-in məsuliyyəti üzərinə götürdüyü ikinci terror aktıdır.
Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində mikroavtobusa quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Talibanın sözçüsü Zəbihulla Mücahid Əfqanıstandakı İŞİD üzvlərinin sayını 70-80 nəfər arasında açıqlayıb və deyib: İŞİD-in qalan sığınacaqları tezliklə məhv ediləcək.
Talibanın Əfqanıstanın təhlükəsizlik işlərinə nəzarət etmək iddiasına baxmayaraq, ölkənin müxtəlif bölgələrində, xüsusilə Kabildə vaxtaşırı partlayışlar və terror aktları baş verir.
İndiyədək bu hücumların əksəriyyətinə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.