Dindar Ağaəli Yəhyayev 7 il azadlıqdan məhrum edilib
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yəhyayev 7 il azadlıqdan məhrum edilib.
2023-cü il avqustun 31-dən həbsdə olan Ağaəli Yəhyayevə satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 20-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyilə onun haqqında 7 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Lakin Ağaəli Yəhyayev özünü ümumiyyətlə təqsirli bilmir, narkotik ittihamının saxta olduğunu, şərlənərək həbs olunduğunu bildirir. Onun sözlərinə görə, 2023-cü il avqustun 31-də Masazır qəsəbəsi ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlayaraq, narkotiklə şərləyiblər. Saxlanıldığı andan fiziki işgəncələrə, psixoloji təzyiqlərə məruz qalıb.
Ağaəli Yəhyayev sentyabrın 20-də məhkəmədə hökmdən əvvəl son sözündə də vurğulayıb ki, ölkədə diktatura hökm sürür, heç bir cinayət törətməyən insanlar siyasi mövqeyinə, dini inancına, azad fikir söylədiyinə görə şərlənərək həbs olunur: “İnsanların haqq səsini boğmaq üçün ölkədə kütləvi həbslər həyata keçirilir, hakimlər də vasitəçilik edir…”
Hakim Ağaəli Yəhyayevə son sözünü başa çatdırmağa imkan verməyib, onun çıxışını yarımçıq kəsərək, müşavirəyə gedib. Az sonra müşavirədən qayıdan hakimlər onun 7 il azadlıqdan məhrum edildiyini elan edib.
Ağaəli Yəhyayev bundan əvvəl 2015-ci ildə Nardaran hadisələri zamanı da həbs olunmuş, bir neçə il həbsdə saxlandıqdan sonra əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Hüquq müdafiəçiləri son il yarım ərzində ölkədə 500-dən artıq dini inanclının həbs olunduğunu bildirir.
Sədri Taleh Bağırzadə də daxil olmaqla, Müsəlman Birliyi Hərəkatının 70-dən artıq üzvü hazırda həbsdədir.
Həbs olunanların böyük əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, saxta ittihamla cəzalandırıldıqlarını deyirlər.