Azərbaycan Aİ-yə etiraz notası verib
(last modified Fri, 25 Oct 2024 16:03:47 GMT )
Okt 25, 2024 20:03 Asia/Baku
  • Azərbaycan Aİ-yə etiraz notası verib

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi dünənki qətnaməyə görə Avropa İttifaqının Bakıdakı səfiri XİN-ə çağırılaraq ona rəsmi Bakının etiraz notası verilib.

 

Oktyabrın 25-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa Parlamenti tərəfindən 24 oktyabr tarixində qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin 25 oktyabr tarixli məlumatında deyilir.

Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub, deyə Nazirliyin məlumatında bildirilir.

Cümə axşamı Avropa Parlamenti qəbul etdiyi qətnamədə Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyib. Sənəddə fəallara, jurnalistlərə və müxalifət liderlərinə qarşı repressiyalardan danışılır. Deputatlar bildiriblər ki, bu sui-istifadə halları COP29-un Bakıda keçirilməsilə bir araya sığmır. Avropa Parlamentinin üzvləri Avropa İttifaqını Bakıdan qaz asılılığına son qoymağa çağırıblar.

Parlament həmçinin Bakını Azərbaycanda və onun hüdudlarından kənarda repressiyaların bütün formalarına son qoymağa, özbaşına saxlanılan şəxsləri azad etməyə və bütün siyasi motivli ittihamları aradan qaldırmağa çağırır.

Avropa Parlamentinin deputatları Azərbaycanın işğaldan azad etdiyi əraziləri Ermənistanın suveren əraziləri hesab edərək Azərbaycan qoşunlarının bu ərazilərdən çıxarılmasına çağırırlar. Onlar həmçinin Azərbaycanın Qarabağa nəzarətinin təmin olunmasına narazılıq ifadə edərək separatçıları hərbi əsir adlandırıblar və onların dərhal azadlığa buraxılmasını tələb ediblər. Parlament üzv dövlətləri Azərbaycana bütün hərbi və mühafizə avadanlıqlarının ixracını dondurmağa çağırır, eyni zamanda xəbərdarlıq edir ki, “Azərbaycanın Ermənistana qarşı gələcək hərbi əməliyyatları ciddi nəticələri olacaq”.

Sənəd 453 "lehinə", 31 "əleyhinə" səslə qəbul edilib, 89 nəfər bitərəf qalıb.